Dörd kateqoriya üzrə 39 filmə baxış keçiriləcək

 

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə 6-10 sentyabr tarixlərində Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısı festivalın saytında yerləşdirilib.

Festivalın direktoru Rəşid Ağamalıyevin bildirdiyinə görə, filmlər beynəlxalq və uşaq münsiflər heyətləri tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin üzvləri yaxın zamanda açıqlanacaq.

Festivala 46 ölkədən ümumilikdə 174 film daxil olub. Seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq.

“Ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə 11, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” üzrə 10, “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” üzrə 8,  “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə isə  10 film proqrama salınıb.

ANİMAFİLM festivalı 2018-ci ildən təşkil edilir. Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustalarını bir araya gətirir, ustad dərsləri, konfrans, sərgi və s. keçirir.