Kəndə 220 ailənin köçürülməsi planlaşdırılır

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin bərpası prosesində burada məskunlaşacaq əhali üçün rahat yaşayış mühitinin yaradılması, sakinlərin məşğulluq sahələri və istirahət əraziləri ilə təmin edilməsi prioritetlər arasındadır. Təqdim olunan konsepsiya ərazinin təbii landşaftını qorumaqla Daşaltı kəndinin müasir tələblərə cavab verən yenilənəcək simasını nümayiş etdirir. Kənddə ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir. Buraya 220 ailənin köçürülməsi planlaşdırılır. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev – ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, hotel və istirahət mərkəzi, turizm zonasının yaradılması planlaşdırılır.

İkimərtəbəli bloklaşdırılmış evlər konsepsiyası kənd ərazisində şəhərin praktikliyini təmin etmək məqsədi daşıyır. Bir-birindən ortaq divarla ayrılan üçotaqlı və dördotaqlı yaşayış blokları optimal quruluşuna görə az sahədə bir neçə ailənin yaşamasına imkan yaradır və eyni zamanda onların hər birini həyət və terras ilə təmin edir. Həmçinin azmərtəbəli çoxmənzilli tikililər ərazidə yüksək sıxlıq yaratmamaqla əhalini kiçik sahədə yerləşdirmək imkanı verdiyinə görə kəndin planlaşdırılmasında optimal həll hesab olunur. Binaların ətrafında sakinlər üçün ümumi istirahət sahələri, yaşıllıqlar, avtomobil dayanacaqları nəzərdə tutulub.

Qeyd edilib ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Kənddə 2,4 hektar ərazidə kənd üslubunda hotel və istirahət mərkəzi tikiləcək. 10 binadan – ümumilikdə 48 nömrədən ibarət olacaq hotel kompleksində restoran, əyləncə və idman mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.