Prezident İlham Əliyev iyulun 21-də Şuşa şəhərində 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının və 1 nömrəli tam orta məktəbin binalarında tikinti işlərinin gedişi ilə tanış olub.

Məlumat verilib ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin binasında tədrisin təşkili üçün hər cür şərait yaradılır. 960 şagird yerlik üçmərtəbəli binada 40 sinif otağı, ixtisaslaşmış fənn otaqları, STEAM mərkəzi, kitabxana, rəssamlıq və musiqi kabinetləri, akt və idman zalları, tibb otağı, yeməkxana və s. olacaq. Məktəb üçün ayrılan bir hektar ərazidə futbol meydançası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binaların inşası da yekunlaşıb.