İyulun 22-də Azərbaycan milli mətbuatının əsasının qoyulmasının 148 yaşı tamam oldu. Milli Mətbuat Günü – media işçilərinin peşə bayramı münasibətilə bölgələrdə də müxtəlif tədbirlər keçirilib.

Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları Milli Mətbuat Günü münasibətilə şəhərdəki Əlillərin Reabilitasiya Mərkəzində fiziki məhdudiyyətli insanlar üçün kitab sərgisi təşkil edib. Sərgidə mətbuatımızın tarixindən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edən kitablar nümayiş olunub.

Salyan Tarix-Diyarşünaslıq Muzeyi və rayon Mədəniyyət Mərkəzinin 1, 2, 4 nömrəli şəhər, Ərəbqardaşbəyli, Beştalı kənd klubları, həmçinin Kürqaraqaşlı kənd Diyarşünaslıq evinin əməkdaşları rayonun mətbuat orqanı olan “Qələbə” qəzetinin yaradıcı heyəti ilə görüşüb. Görüşdən sonra muzeyin fondunda qorunan qəzetin ilk nüsxələrindən ibarət sərgiyə baxış olub. Tədbir görkəmli ədib, jurnalist Əli bəy Hüseynzadənin abidəsinin ziyarət olunması ilə başa çatıb.

Salyan rayon Mədəniyyət Mərkəzinin Sarvan kənd Folklor evində keçirilən tədbirdə Həsən bəy Zərdabi və “Əkinçi” qəzeti haqqında danışılıb.

***

İmişli rayon MKS-nin 17 saylı Əliqulular kənd kitabxana filialı “Mətbuatımızın tarixi” başlığı altında dəyirmi masa təşkil edib. Çıxışlarda milli mətbuatımızın tarixindən, H.Zərdabinin maarifçilik fəaliyyətindən söz açılıb.

***

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında keçirilən tədbirdə qeyd edilib ki, Ümummilli lideri Heydər Əliyev Azərbaycanda peşəkar mətbuatın himayədarı olub, bu sahəyə diqqət və qayğı göstərib. Tədbirin sonunda “Cəmiyyətin güzgüsü – milli mətbuatımız” adlı sərgi nümayiş olunub.

***

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyi ilə birgə Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Çıxışlarda Azərbaycan milli mətbuatının keçdiyi yoldan söz açılıb. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin milli mətbuata göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonda Milli Mətbuat Günü ilə bağlı film nümayiş olunub.

YAP Astara rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzi, Astara Dövlət Rəsm Qalereyası və Astara şəhər C.Babayev adına 3 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Mətbuat cəmiyyətin güzgüsüdür” mövzusunda tədbir keçirilib. Tədbirdə Astara Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində rayon MKS-nin Mərkəzi Kitabxanası və Heydər Əliyev Mərkəzi ilə birgə Ulu öndərin Azərbaycan mətbuatının inkişafına göstərdiyi qayğıya həsr olunan tədbir keçirilib. Çıxışlarda milli mətbuatımızın keçdiyi yola nəzər salınıb, Azərbaycanda peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində Ulu öndərin rolundan danışılıb.

***

Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı “Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli inkişaf yolu” başlığı altında tədbir təşkil edib. Çıxışlarda “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatının dövrün mütərəqqi ideyalarını əks etdirməsindən, xalqımızın maarifləndirməsindən, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamasından söhbət açılıb. Sonda tədbir iştirakçıları Milli Mətbuat Gününə həsr olunmuş videoçarxı izləyiblər.

***

Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında “Həsən bəy Zərdabinin maarifçilik fəaliyyəti” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə milli mətbuatımızın yaranma tarixi haqqında məlumat verilib. Sonda tədbir iştirakçıları Milli Mətbuat Günü ilə bağlı təşkil olunmuş sərgiyə baxıblar.

Rayondakı Həsən bəy Zərdabi Muzeyi, rayon Mədəniyyət Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. “Həsən bəy Zərdabi və Azərbaycan mətbuatı” adlı tədbirdə qeyd edilib ki, “Əkinçi” qəzetinin ortaya qoyduğu ideallar bu gün üçün də aktuallığını qoruyub saxlayır.

Xalq şairi Rəsul Rzanın Göyçaydakı ev-muzeyində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa təşkil olunub. “Göyçay” qəzetinin redaktoru Adil Məmməd milli mətbuatın yaranma tarixindən danışıb. Qeyd edib ki, cəmi 56 nömrəsi işıq üzü görsə də, “Əkinçi” qəzeti Azərbaycan mətbuatında mayak rolunu oynayıb. Digər çıxış edənlər mətbuatımızın bu günündən və media işçilərinə dövlət qayğısından söz açıblar.

***

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan müəssisələrdə də Milli Mətbuat Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Nurəddin Məmmədli