YARAT Müasir İncəsənət Mərkəzi öz qısametrajlı bədii ekran əsərlərini nümayiş etdirmək istəyən, yeni fəaliyyətə başlamış və ya karyeralarının inkişaf mərhələsində olan Azərbaycan kinorejissorları üçün festival (YARAT Shorts) keçirəcək.

YARAT-dan bildirilib ki, layihənin məqsədi Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan gənc istedadlar üçün platforma yaratmaq, yerli kinorejissorların filmlərinin geniş auditoriya arasında tanınmasını təmin etməkdir.

Layihə YARAT məkanlarında açıq havada və ya qapalı meydançalarda film nümayişləri, habelə beynəlxalq səviyyədə tanınmış rejissorlar, ssenaristlər və aktyorların iştirakı ilə seminarlar, müzakirələr daxil olmaqla, silsilə tədbirlər proqramı vasitəsilə həyata keçiriləcək. Bu il festivala “Qadınlar və qadınların cəmiyyətdəki rolu”, “Tənhalıq və özünüinkişaf”, “Yaddaş və mental landşaftlar” mövzularına toxunan, yaxud müəyyən dərəcədə bu mövzuları əhatə edən qısa filmlər qəbul olunur.

İştirak etmək istəyənlər filmlərini avqustun 20-dək e-poçtla info@yarat.az ünvanına təqdim edə bilərlər.

Seçilmiş filmlər sentyabrın ilk həftəsində nümayiş olunacaq.

Festivala Azərbaycan mənşəli və ya əsilli kinematoqrafçılarının birgə prodüser, rejissor və ya ssenari işi olan, ümumi müddəti 30 dəqiqədən az olan (yekun titrlər daxil olmaqla) istənilən film və ya video layihəsi ilə müraciət etmək mümkündür. Buraya ssenari əsasında hazırlanmış və ya improvizasiya xarakterli fantastika, eksperimental film, video və animasiya daxildir.

Qısametrajlı filmlərin festivalda iştirak hüququna təsir edən xüsusi tələblər və ya məhdudiyyətlər yoxdur. Filmlər daha əvvəl festivallarda və ya digər ictimai sərgilərdə nümayiş etdirilmiş, televiziya kanalları və ya internetdə, yaxud digər ictimai yayım platforması üzərindən yayımlanmış ola bilər.