Azərbaycana ilk dəfə səfər edirəm, lakin bu ölkədəki dini və etnik tolerantlıq barədə məlumatlıyam. Bu səfərim də Azərbaycanın dini mühiti ilə yerində tanış olmaq məqsədi daşıyır.

Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mayzek bunu iyulun 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.

QMİ-nin mətbuat xidmətindən bildirilib ki, görüşdə şeyxülislam Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi və ölkəmizdə hökm sürən dinlərarası harmoniya, məzhəblərarası anlaşma mühiti barədə ətraflı danışıb. Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi geniş bərpa-yenidənqurma işləri barədə məlumat verən QMİ sədri erməni vandalizminə məruz qalmış dini-mənəvi abidələrimizin böyük diqqət və qayğı ilə bərpa edildiyini qonağın diqqətinə çatdırıb.

Avropa dini icma və mərkəzləri, o cümlədən, Avropa ölkələrindəki müsəlman icmaları ilə fəal əlaqələrdən bəhs edən şeyxülislam Allahşükür Paşazadə ayrı-ayrı Avropa ölkələrində islamofobiya hallarının, o cümlədən Quranın yandırılması kimi aksiyaların təşkilinin sivilizasiyalararası dialoq prosesinə xələl gətirdiyini vurğulayıb. Dinlərin müqəddəs rəmzlərinə ehtiramlı münasibətin zəruriliyini, dindən siyasi məqsədlər üçün sui-istifadənin yolverilməzliyini qeyd edən QMİ sədri erməni kilsəsinin Azərbaycana qarşı qarayaxma kampaniyaları, öz revanşist məqsədləri üçün dini müstəvilərdən, ələlxüsus, Dünya Kilsələr Şurasının tribunasından sui-istifadə etməsindən danışıb.

Almaniyalı qonaq da Avropada Quranın yandırılması hallarına toxunub, bildirib ki, bundan  Avropa cəmiyyətlərinin özləri də narahat olmalıdırlar. Ayman Mayzek bildirib ki, Azərbaycanın malik olduğu multikultural, tolerant cəmiyyət təcrübəsi nəinki müsəlman, bütün digər dünya ölkələri üçün olduqca böyük önəm kəsb edir.

Almaniyalı qonaq görüşdən sonra Təzəpir məscidini ziyarət edib, orada namaz qılıb.