Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

İyulun 22-də və 25-də 22 ailə və 19 ailə olmaqla Laçına növbəti köç karvanları  yola salınıb.

Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan keçmiş məcburi köçkünlər doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

“27 yaşımda Laçından çıxmışam. Laçına çatanda torpağı öpəcəyəm. Nəhayət ki, həsrətimiz sona çatır. Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz düşməni torpağımızdan qovdu. İnanıram ki, bizi daha yaxşı günlər gözləyir”, – deyə Laçın rayon sakini Sevil Ağayeva deyib.

Qeyd edək ki, Laçın şəhərinə sakinlərin qayıdışı mayın 28-də başlayıb. Ötən müddətdə şəhərdə ümumilikdə 152 ailənin (591 nəfər) daimi məskunlaşması təmin edilib.