Venesiya festivalının əsas müsabiqə proqramında 20-dək film var
80-ci Venesiya Beynəlxalq Film Festivalı (Venice International Film Festival) bu il 30 avqust – 9 sentyabr tarixlərində keçiriləcək.
Festivalın açılışını Edoardo De Angelisin “Komandanta” filmi edəcək. Festivalının əsas müsabiqə proqramında 20-dək film var. Lük Bessonun “Dogman”, Bertran Bonellonun “La Bete”, Stefan Brizenin “Hors-Saison”, Sofia Koppolanın “Priscilla”, David Finçerin “Qatil” və başqa filmlər Venesiya festivalının baş mükafatı – “Qızıl şir” uğrunda yarışacaqlar.
Müsabiqənin münsiflər heyətinə amerikalı rejissor Damien Şazel rəhbərlik edəcək.
Əsas müsabiqə proqramından savayı “Üfüqlər” (Orizzonti) proqramında da 20-dək ekran əsəri nümayiş etdiriləcək. Onların arasında iki türkiyəli rejissorun filmləri də var. Selman Nacarın “Tərəddüd xətti” və Nehir Tunanın “Yurd” filmi ilk dəfə kinosevərlərə Venesiyada təqdim olunacaq.
Festivalın mükafatlandırma mərasimi sentyabrın 9-da keçiriləcək.