Milli İncəsənət Muzeyində Heydər Əliyevin 100 illiyinə həsr olunan sərgi açıldı
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə müxtəlif incəsənət layihələri həyata keçirilir. İyulun 26-da Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) açılan “Xalqın hikməti, elin sənəti” sərgisi də “Heydər Əliyev İli”nə maraqlı sənət töhfələrindən biridir.
Tədbirdə əvvəlcə muzeyin elmi işlər üzrə direktor müavini Əməkdar mədəniyyət işçisi Xədicə Əsədova çıxış edərək qonaqları salamladı.
AMİM-in direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev sərgi haqqında məlumat verdi. Qeyd etdi ki, sərgidə Sərdarlılar ailəsinin – Lalə Sərdarlı, Toğrul Sərdarlı və İsgəndər Sərdarlının ərsəyə gətirdiyi, incə zövqlə işlənmiş sandıq və sandıqçalar, mücrülər, eləcə də müxtəlif zərgərlik inciləri nümayiş olunur. Ekspozisiyada eyni zamanda Milli İncəsənət Muzeyinin kolleksiyasından zəngin ornamentli xovlu və xovsuz xalçalar, nəfis bədii tikmələr yer alıb.
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev sərginin əhəmiyyətini yüksək qiymətləndirdi: “Mən yarım əsrdən çoxdur təsvir sənət sahəsində prosesləri yaxından izləyirəm. Etiraf edim ki, bu qəbildən sənət əsərləri dünya praktikasında da azdır. Belə sənət nümunələrinin Milli İncəsənət Muzeyi tərəfindən ictimaiyyətə təqdim olunması təqdirəlayiq haldır”.
Xalq rəssamları Xanlar Əhmədov, Aydın Rəcəbov, millət vəkilləri Hikmət Babaoğlu, Musa Urud, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov və başqa çıxış edənlər müəllifləri təbrik etdilər, nümayiş olunun əl işləri haqqında fikirlərini bölüşdülər.
İsgəndər Sərdarlı, Lalə Sərdarlı və Toğrul Sərdarlı sərgiyə göstərdikləri diqqətə görə tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.
Sonra qonaqlar sərgi ilə tanış oldular.
Qeyd edək ki, zərgərliklə tətbiqi sənəti sintez edən ailənin əl işləri milli koloriti və orijinallığı ilə göz oxşayır. Müəlliflər unudulmuş tətbiqi sənət növlərini çağımızda yeni məzmun və formatda təqdim edən sənətkarlar kimi qəbul olunurlar.
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Sərdarlılar ailəsi soydaşlarımızın tarixi torpaqlarımız – Qərbi Azərbaycan ərazilərində yaratdığı mədəni irsin öyrənilməsi və təbliğinə töhfə verən sənət əsərləri ərsəyə gətirir.
Hazırda Sərdarlılar ailəsinə məxsus əl işləri Azərbaycanla yanaşı, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
“Xalqın hikməti, elin sənəti” sərgisi avqustun 2-dək ziyarət üçün açıq olacaq.
Nurəddin Məmmədli