20 min manat və bir il idarəçi rəhbərlərdən fərdi karyera məsləhətləri almaq imkanı

 

Üçüncü “Yüksəliş” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Mərasim iyulun 26-da, “Yüksəliş” müsabiqəsinin təsis olunmasının 4-cü ildönümündə ADA Universitetində təşkil olunub.

Müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Yüksəliş” müsabiqəsi İşçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev tədbirdə iştirak ediblər.

Onlar çıxış edərək qaliblərə təbriklərini çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda müsabiqənin uğurlu təşkili barədə danışılıb, üçüncü dəfə gerçəkləşən “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında əhəmiyyətli rolu vurğulanıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkilib.

Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva diqqətə çatdırıb ki, “Yüksəliş” müsabiqəsində ən çox qalib birinci müsabiqədə qeydə alınıb. Həmin il 27 nəfər müsabiqənin qalibi olub. İkinci və üçüncü müsabiqələrin hər birində 22 qalib olub və qaliblərin sayı 71-ə çatıb.

İkinci “Yüksəliş” müsabiqəsindən sonra gördük ki, cəmiyyətdə belə insanlara ehtiyac var. Üçüncü müsabiqədən sonra düşünürük ki, növbəti illərdə müsabiqədə yenilik etmək lazımdır. Buna görə də iştirakçılardan təkliflərini “Yüksəliş” müsabiqəsinin heyətinə bildirmələrini xahiş edirəm”, – deyə o əlavə edib.

Üçüncü “Yüksəliş” müsabiqəsinin 22 qalibi diplomla təltif edilib. Qeyd edək ki, hər qalibə 20 min manat məbləğində pul mükafatı veriləcək və bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı yaradılacaq.

2023-cü il fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə ümumilikdə 13 min 474 iştirakçı müraciət edib. Beş mərhələdən ibarət müsabiqənin yarımfinalı 1-2 iyul tarixlərində Bakı Ekspo Mərkəzində keçirilib. Bu mərhələdə iştirak edən 333 nəfərdən 109-u finala vəsiqə qazanıb.

14-16 iyul tarixlərində keçirilən müsabiqənin finalında 109 namizəddən ən yüksək bal toplayan 22 nəfər qalib olub. 26-35 yaş arasında olan qaliblərdən 4-ü qadındır. 12 qalib öncəki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə təsis olunub. İlk müsabiqə 2020-ci ilə nəzərdə tutulsa da, pandemiya səbəbindən mərhələlər uzanaraq 2021-ci ilin iyulunda yekunlaşıb. İkinci müsabiqə 2022-ci ildə gerçəkləşib.