Polşanın Qdınya şəhərində 20-22 iyul tarixlərində “Globaltika – 2023: Qdınya dünya mədəniyyəti” festivalı keçirilib.
20-yə yaxın ölkənin təmsil olunduğu festivalda ilk dəfə olaraq Azərbaycan musiqiçiləri də iştirak ediblər. Əməkdar artistlər – Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadə və BMM-in solisti, nağaraçı Kamran Kərimov festivalda muğam sənətimizi instrumental ifa ilə layiqincə təmsil etməyə nail olublar.
İncəsənət ustalarımız festivalın açılışında çıxış etməklə yanaşı, musiqi bayramının ilk konsertini də veriblər. Qdınya Beynəlxalq Film Mərkəzində birsaatlıq proqramla çıxış edən təmsilçilərimizin performansı böyük maraq və alqışlarla qarşılanıb. Onların repertuarı Azərbaycan muğam və təsnifləri, rəng və kompozisiyalardan ibarət olub.
Xatırladaq ki, musiqiçilərimiz bu festivala ötən il Avstriyada gerçəkləşən solo konsertləri zamanı dəvət alıblar.
Tar və nağara dueti şəklində Sahib Paşazadə və Kamran Kərimov indiyədək bir sıra festivallarda ölkəmizi təmsil edib, həmçinin 10-dan çox ölkədə solo konsertlər veriblər. Bu uğurun başlanğıcı isə onların 2017-ci ildə Özbəkistanda “Şərq təranələri” festivalında qazandıqları Qran-pri mükafatı olub.
İndiyədək Azərbaycan muğamı festivallarda adətən üçlük (xanəndə, tar, kamança) şəklində təbliğ edilib. Lakin S.Paşazadə və K.Kərimov muğam sənətimizi instrumental şəkildə (tar və nağara) onun əsrarəngizliyini instrumental versiyasını da tanıtmağa nail olublar.
Üç gün davam edən “Globaltika – 2023: Qdınya dünya mədəniyyəti” festivalı çərçivəsində Özbəkistandan olan fotoqraf Husnittin Atonun “Özbəkistan – İpək Yolunun kəsişməsində” adlı fotosərgisi keçirilib. Sərgidə yer alan Azərbaycanla bağlı fotolar da maraqla qarşılanıb.
Qeyd edək ki, 2005-ci ildən keçirilən “Qdınya dünya mədəniyyəti” yay festivalının məqsədi müxtəlif xalqların ənənə və mədəniyyətlərini bir-birinə yaxınlaşdırmaqla multikulturalizmi təbliğ etməkdən ibarətdir. Diqqət mərkəzində musiqi olsa da, festivalda ədəbiyyat, kinematoqrafiya, teatr, təsviri sənət, fotoqrafiya və digər sahələrlə bağlı təqdimatlar olur.
Lalə Azəri