Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə bir qrup kino xadimini mükafatlandırıb.

ARKİ-nin təsis etdiyi “Milli Kino Mükafatı”na bu il Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və Əməkdar incəsənət xadimi, kinoşünas, kinorejissor Ayaz Salayev layiq görülüblər.

İttifaqdan bildirilib ki, hər iki laureat kinomuza verdikləri töhfələrə görə, eyni zamanda Azərbaycan kinosunun yaranmasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə təltif olunub.

Bundan əlavə, Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm”in 100 illiyi ilə əlamətdar olan cari ildə yubiley yaşları tamam olan Xalq artistləri Oqtay Mirqasımov (80), Vaqif Mustafayev (70), Əməkdar incəsənət xadimi Cəmil Quliyev (60), Əməkdar mədəniyyət işçiləri Elçin Hami Axundov (75) və Sabir Vəliyev (85), təsvir rejissoru Rafiq Əliyev (70), Əməkdar artist Əliqulu Səmədov (70), aktyor Nadir Əzməmmədov (70), rəssam Elyaz Səfərov (60), prodüser Vladimir Dudniçenko (75), ssenarist Rəmziyyə Cilqamlı (70), eləcə də peşə bayramı münasibətilə ARKİ-nin 11 nəfər veteran üzvü mükafatlara layiq görülüb.