Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Beynəlxalq Qəbələ Musiqi Festivalı davam edir.

Festivalın ikinci günü, iyulun 28-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.

Festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının izlədiyi konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.

Tamilla Əhədova (piano), Nərminə İsmayılova (piano), Camalə Abdinzadə (piano), Çinarə Əzimova (soprano), Surə Rüfət (violin), Humay Hacızadə (viola), Aytən Rüstəmli (kamança), Mirxalid Məmmədzadə (fleyta), Cəlil Bəşirli (tar) və Vaqif Qurbanovun (cello) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İfaçıları pianoda Svetlana Əhmədova, Rəfiqə Quluzadə və Nuridə Novruzova müşayiət ediblər.

Proqramda Fikrət Əmirov, Firəngiz Əlizadə, həmçinin P.Çaykovski, H.Vieuxtemps, J.Bize, V.Horovits, V.Monti, R.Şuman və digər bəstəkarların əsərləri səsləndirilib.