Xəbər verdiyimiz kimi, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramında bu il yubileyləri qeyd olunan görkəmli bəstəkarlara həsr edilmiş konsertlər də yer alıb.

Festival çərçivəsində iyulun 28-də axşam açıq səhnədə təqdim olunan musiqi proqramı dünyaca məşhur rus bəstəkarı Sergey Raxmaninovun (1873-1943) 150 illik yubileyinə həsr edilib.

Konsertdən əvvəl çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva bildirib ki, Qəbələ festivalının gözəl ənənələrindən biri də dünya musiqi mədəniyyətinə böyük töhfələr verən bəstəkarların, ifaçıların yubileylərini qeyd etmək, onların əsərlərini səsləndirməklə xatirəsini yad etməkdir. 2023-cü il Sergey Raxmaninovun 150 illiyi ilə əlamətdardır: “Şərqlə bağlı olan yaddaşından irəli gələn bağlantıları ilə Raxmaninov musiqisində bəşəri səs, harmoniya var. Məhz bu bəşəri bağlantını daha gözəl surətdə festival iştirakçılarına çatdırmaq üçün Raxmaninov musiqisini digər bir dahinin – Vilyam Şekspirin sonetləri ilə birləşdirib diqqətinizə çatdırırıq”.

Konsertin birinci hissəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun “Piano və orkestr üçün konsert” əsəri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

Sonra respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Məmmədov orkestrin müşayiəti ilə bəstəkarın digər əsərlərini ifa edib.

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 2-dək davam edəcək. Festival çərçivəsində iyulun 29-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara kamera musiqisi təqdim edilib.