Türkiyənin ABŞ-də qətlə yetirilən iki diplomatı haqqında film çəkilib. Türkiyədə lentə alınan “1973: Biltmore hoteli cinayəti” adlı sənədli filmdə keçmişi qaranlıq olan və adı müxtəlif cinayətlərdə hallanan 78 yaşlı erməni Qurgen Yanıkyanın iki türk diplomatı da daxil olmaqla, 58 Türkiyə vətəndaşını qətlə yetirməsi barədə faktlar təqdim edilir.

Filmdə ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) hesabatlarında yer alan məlumatlardan da istifadə edilib.

Filmin ssenari müəllifi “Daily Sabah” qəzetinin baş redaktoru İbrahim Altayın sözlərinə görə, ekran işində ASALA və JCAG başda olmaqla erməni terror təşkilatlarının törətdiyi cinayətlərindən bəhs olunur: “İki cəmiyyət arasında nifrət toxumu səpən və illər boyu davam edən terror dalğasının başlamasına səbəb olan bu hadisəni yenidən araşdırmağa ehtiyac duyduq”.

Filmin rejissoru Şevki Es də Türkiyədə ilk dəfə belə bir layihəyə imza atdıqlarını bildirib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə 1973-cü ildə Los-Ancelesdə iki türk diplomat əvvəldən planlaşdırılmış cinayətin qurbanı olur. Q.Yanıkyanın atdığı güllələr təkcə Mehmet Baydar və Bahadır Dəmiri öldürmür, həmçinin illərcə davam edəcək terror dalğasını alovlandırır. Dalbadal qətllər və hücumlar 1973-cü ildən 1985-ci ilə qədər aramsız olaraq davam edir. Erməni terror təşkilatlarının əməlləri nəticəsində 31 diplomat və ailə üzvləri də daxil olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı terror nəticəsində qətlə yetirilir.