Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb.

Kitabxanadan verilən məlumata görə, bu günün tarixindən, əhəmiyyətindən bəhs edən virtual sərgidə ana dilinin hər bir xalqın varlığını təsdiq edən başlıca amil, milli sərvət olması faktı diqqətə çatdırılır.

Virtual sərgidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün yaranma tarixindən, keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilir. Materialda bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, imzalanan qanun və sərəncamlar öz əksini tapıb. Eyni zamanda, dilin təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyəti olması fikri rəhbər tutularaq, Azərbaycanın görkəmli şairlərinin dil və onun əhəmiyyəti, dəyəri haqqında qələmə aldıqları şeirlərindən nümunələr də təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Müasir Azərbaycan dilinin bəzi aktual problemləri”, “Dildən dilçiliyə”, “Azərbaycan dili və nitq mədəniyyəti”, “Tarixi yaddaş milli dil güzgüsündə” kimi 20-dən çox kitabın biblioqrafik təsviri və son beş ildə kütləvi informasiya vasitələrində çap edilən məqalələrdən nümunələr əks olunur.