1984-cü ildə “Azərbaycanfilm” kinostudiyası o vaxt gənc olan rejissorlar Vaqif Mustafayev və Ceyhun Mirzəyevə yazıçı Mövlud Süleymanlının ssenarisi əsasında “Bəyin oğurlanması” filminin çəkilişlərini həvalə edir. Kəndə toy mövzusunda bədii-etnoqrafik film çəkməyə gələn kino işçilərinin fəaliyyətindən bəhs edən ekran işi (film içində film) Azərbaycan kinosunun geniş tamaşaçı rəğbəti qazanan nümunələrindəndir.
Filmin əsas səhnələri Azərbaycanın əsrarəngiz təbiətə və qədim tarixə malik bölgələrindən olan Şamaxının Məlhəm kəndində çəkilib. Əsas qəhrəmanların – İsrafil və Həsənin evləri filmdən sonra kəndin ən məşhur evlərinə çevrilib.
Filmin qəhrəmanı İsrafilin (Xalq artisti Yaşar Nuri) yaşadığı evin sahibi Nazim Əmirov deyir ki, bu ev ona atasından qalıb. Ev bu gün filmdə olduğu görkəmdədir. Filmdə İsrafilin idarə etdiyi maşın (“Jiquli”) da Nazim Əmirovun atasına məxsus olub: “1984-cü ildə film çəkiləndə ev necə olubsa, bu gün də elə qalır. Evin daxilində, həmçinin xaricində heç bir yenilik etməmişik. Kino çəkilişlərinin əsas hissəsi burada aparılıb. Bura qız evi idi, elçilik, gəlin köçürülmə, rəqslərin əksəriyyəti bizim həyətdə, bu evdə lentə alınıb”, – deyə o AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.
Kütləvi çəkilişlərdə iştirak edənlərin əksəriyyəti kənd camaatı olub. Sakin Rasim Ələsgərov deyir: “Aktyorlar tez-tez qonağım olardılar. Sentyabr ayından dekabradək film çəkildi. Camaat necə lazımdırsa, kömək də etdi, iştirak da. Çox məşhur film oldu. Bizi görənlər kinonun harada çəkilməyini soruşardılar. Deyəndə də ki, bizim kənddə, inanmazdılar”.
Çəkilişlər Şamaxıda üzüm yığımı vaxtına təsadüf edib. Kənd sakini Faiq Əlibəyov nəinki filmdə, kadr arxasında da gülməli hadisələr baş verdiyini deyir. Belə hadisələrdən biri Miriş obrazını canlandıran Xalq artisti Arif Quliyevin başına gəlib: “Film bizim qonşuda çəkilib, o günlərin şahidiyəm. O vaxt Şamaxıda kütləvi üzüm yığılırdı. Bir gün xəbər çıxdı ki, Arif Quliyevi Şamaxıda tutub aparıblar (o vaxtlar keçmiş SSRİ-də əmək intizamının ən sərt vaxtları idi, pambıq, üzüm yığımı vaxtı da kənddə, ara-bərədə kimsə boş-bekar gəzə bilməzdi – red.) üzüm yığmağa. Sonra onu axtarıb tapdılar, dedilər ki, səhv olub, bu, aktyordu, çəkilişdə iştirak etməlidir. İndi filmə baxanda o günləri xatırlayırıq”.
“Bəyi oğurlanması” filmi 1985-ci ildə ekrana çıxıb. Artıq 38 ildir ki, bu filmin hər epizodu tamaşaçılarda təbəssüm, nostalji hisslər yaradır. Ekran əsəri bu gün də sevə-sevə izlənilir, filmdə səslənilən ifadələr dillər əzbərinə çevrilib.
Qeyd edək ki, Şamaxı rayonunun Məlhəm kəndində “Bəyin oğurlanması” filmindən savayı “Qaraca qız”, “Qaçaq Nəbi”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm” kimi filmlərin bəzi epizodları çəkilib.