AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Beşbarmaq dağında aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.

AMEA-dan bildirilib ki, ərazidə ekspedisiya üzvləri ilə görüşən İsa Həbibbəyli Azərbaycan tarixinin dərindən və hərtərəfli araşdırılıb öyrənilməsində arxeoloji tədqiqatların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Beşbarmaq dağında fəaliyyət göstərən ekspedisiya haqqında ümumi məlumat verib.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədrinin müşaviri Elşən Mustafayev Beşbarmaq qoruğunun ərazisindəki tarixi yerlər və burada gəzinti, eləcə də dini ziyarət üçün yaradılmış yeni əlverişli şərait barədə ətraflı söz açıb.

Beşbarmaq arxeoloji ekspedisiyasının rəhbəri, Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Sevinc Hüseynova və arxeoloq, tarix elmləri doktoru Səfər Aşurov ərazidə aparılan qazıntılar zamanı aşkara çıxarılmış qədim tarixi yaşayış yerləri və burada tapılmış maddi mədəniyyət nümunələri haqqında əhatəli məlumat veriblər.

Bildirilib ki, ölkə başçısının 2020-ci il 8 iyun tarixli sərəncamı ilə “Beşbarmaq dağı” Dövlət, Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması ərazinin arxeoloji cəhətdən öyrənilməsinə geniş imkan yaradıb. Dövlət Turizm Agentliyi və AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən 2020-ci ildən qoruq ərazisində arxeoloji tədqiqatlara başlanılıb.

Qeyd edilib ki, Beşbarmaq arxeoloji ekspedisiyası tərəfindən Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə aparılan elmi-tədqiqatların əsas məqsədi Beşbarmaq qalasının, müdafiə səddinin və digər tikililərin memarlıq xüsusiyyətlərini, dövrünü müəyyənləşdirməkdən ibarətdir. Əsas arxeoloji materialların əsasən Orta əsrlərə aid olmasına baxmayaraq, Erkən Tunc dövrünün xarakterik xüsusiyyətini əks etdirən maddi mədəniyyət nümunələri də aşkar edilib ki, bu da eradan əvvəl III minillikdən Beşbarmaq dağının bölgədə məskunlaşan əhalinin sitayiş məskəni olduğunu göstərir.

Qazıntı yerlərinə və tapılmış maddi mədəniyyət nümunələrinə baxış keçirildikdən sonra AMEA-nın prezidenti arxeoloqlara və institut rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlarını verib.