2 avqust Azərbaycan Kinosu Günüdür. 1898-ci il avqustun 2-də Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjetin kütləvi nümayişini təşkil edib. Bu əlamətdar hadisə ilə Azərbaycanda kinonun tarixi başlanıb. Beləliklə, dünyada kinosunun yaranma tarixi sayılan 1895-ci ildən (Parisdə Lümyer qardaşlarının ilk kinosüjetləri nümayiş etdirməsi) cəmi üç il sonra bu möcüzəli sənət Bakıda da peyda olub.
Sonrakı illərdə sənədli süjetlər tədricən irihəcmli kinolentlərə, bədii filmlərə yol açıb. 1916-cı il mayın 14-də “Neft və milyonlar səltənətində” adlı ilk Azərbaycan bədii filmi ekrana çıxıb. Film İbrahim bəy Musabəyovun əsəri əsasında fransalı Pirone qardaşlarının şəhərdə yaratdıqları “Filma” səhmdar cəmiyyəti tərəfindən Bakı milyonçularının vəsaiti hesabına lentə alınmışdı. 1923-cü ildə Bakıda ilk dövlət kinofabriki (hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) yaradılıb.
Ötən dövrdə Azərbaycan kinosu böyük inkişaf yolu keçib. İlk kinosüjetlərlə başlanan sinema yolunun tarixi isə unudulmur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı fərmanla 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.
Hər il kino işçilərinin peşə bayramı rəngarəng tədbir və təqdimatlarla yadda qalır. 2023-cü il kinematoqrafiyamız üçün xüsusilə əlamətdardır. Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi qeyd olunur. Bu il eyni zamanda kino sahəsində yaradıcılıq təşkilatının (Azərbaycan Kinematoqrafçılar İttifaqı) fəaliyyətə başlamasının 60 illiyidir. Nəhayət, 2023-cü ildə Azərbaycan Dövlət Film Fondunun yaranmasının 30 illiyidir.
Bu il də Azərbaycan Kinosu Günü silsilə tədbirlərlə müşayiət olunacaq.
Avqustun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə təntənəli mərasim keçiriləcək.
Mədəniyyət Nazirliyinin təklifi əsasında 2-9 avqust tarixlərində ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında “Azərbaycan kinosu həftəsi” – klassik filmlərimizin nümayişi nəzərdə tutulur.
Bundan əlavə, Azərbaycan Kinosu Günü, Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə avqustun 3-dən 10-dək kinoteatrlarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.
“CinemaPlus” kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, Mədəniyyət Nazirliyi, Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası ilə birgə həyata keçiriləcək retrospektiv baxış 1945-ci ilin “Arşın mal alan” filmindən başlayaraq, Azərbaycan kinosunun 40 ildən artıq dövrünü (80-ci illərin sonunadək) əhatə edəcək. Ümumilikdə 20-dək filmin nümayişi nəzərdə tutulub. Seanslara giriş sərbəstdir.
Kino işçilərinin peşə bayramı ərəfəsində sahə üzrə yaradıcılıq qurumları – Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da ənənəvi mükafatlarının laureatlarını elan edib. Yeri gəlmişkən, peşə bayramı öncəsi iki qurum Azərbaycan kinosu üçün əlamətdar bir qərarı – vahid təşkilatda birləşmək niyyətini də ictimaiyyətə açıqlayıb.
Mədəniyyət tariximiz üçün əlamətdar gün – Azərbaycan Kinosu Günü münasibətilə bu peşəyə könül verib ömrünü həsr edən hər kəsi təbrik edir, kinosevərlərə isə bir həftə ərzində milli kinematoqrafın nümunələrini izləyib zövq almağı arzulayırıq.