ABŞ-nin Men (Meine) ştatının Portland şəhərində iyulun 29-da keçirilmiş XXI Millətlər Festivalında (Festival of Nations) ölkəmiz də təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Deering Oaks” parkında gerçəkləşən festivalda ölkəmizi Men Azərbaycanlıları Cəmiyyəti təmsil edib. Cəmiyyət tərəfindən Azərbaycan pavilyonu təşkil edilib. Burada xalqımızın zəngin mədəniyyətini, milli mətbəxini əks etdirən nümunələr və Azərbaycan brendinə məxsus məhsullar nümayiş etdirilib.

Cəmiyyətin sədri Tərlan Əhmədov bildirib ki, Azərbaycan bayrağının festivaldakı digər ölkələrin bayraqları sırasında yer alması icmaya qürur hissi yaşadıb. Yerli sakinlər Azərbaycan mədəniyyətinə və mətbəxinə böyük maraq göstəriblər: “300-dən çox iştirakçı pavilyonda milli mətbəx nümunələrimizə qonaq oldu. Men ştatındakı icma üzvləri ilə yanaşı, Bostondan gələn dostlarımız bu hadisəni yaddaqalan etdilər”.

Qeyd edək ki, icma fəalları Azərbaycan guşəsini ziyarət edənlərə ölkəmiz haqqında, eləcə də Men Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti barədə məlumat veriblər.