Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbi arasında beynəlxalq ikili diplom proqramı üzrə magistratura səviyyəsinə növbəti tədris ili üçün menecment (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə tələbə qəbulu həyata keçirilib.

ADPU-dan bildirilib ki, DİM-in magistratura imtahanından müvafiq bal toplamış və ikili diplom proqramına sənədlərini təqdim etmiş namizədlərdən ən layiqli 40 nəfər proqrama qəbul olunub.

Avqustun 1-də Bakıda ikili diplom proqramının magistrantları üçün “Yay institutu”nun açılışı olub. Mərasimdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Kolin Qrin və Corc Vaşinqton Universiteti tərəfindən proqramın direktoru Sevinc Məmmədova iştirak ediblər. Üç gün davam edən layihədə magistrantlara proqram çərçivəsində akademik proses və qaydalar, tədqiqat və təcrübə proqramları haqqında məlumat verilib.

Xatırladaq ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bu proqramdan 2022-ci ildə 22 nəfər, 2023-cü ildə 19 nəfər məzun olub.