Əqli Mülkiyyət Agentliyində 9 mindən çox müəllifin əsərləri qeydə alınıb

 

Əsərin qorunması onun yarandığı andan başlayır. Azərbaycanın müəllif-hüquq qanunvericiliyi əsərini qeydiyyatdan keçirən şəxslər üçün əlverişli şərait yaradır. Əsərin qeydiyyatı könüllüdür.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən verilən məlumata görə, ölkəmizdə bu sahə üzrə ilk qanun 1996-cı ildə qəbul edilib. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından asılı olmayan obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Ədəbi əsərlər, elmi əsərlər, musiqili əsərlər, musiqili dram əsərləri, təsviri incəsənət (rəssamlıq, heykəltaraşlıq, qrafika sənəti), arxitektura işləri, fotoşəkillər və audiovizual əsərlər, rəqs quruluşları və pantomima işləri, törəmə işlər (tərcümələr, uyğunlaşdırmalar, annotasiyalar, analizlər, xülasələr, icmallar), toplular (ensiklopediyalar, antologiyalar, məlumat bazaları), kompüter proqramları və s. yaradıcılıq nümunələri müəlliflik hüququnun obyektləri kimi qorunur.

Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: dairəyə alınmış C latın hərfi; müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); əsərin ilk dəfə dərc edildiyi il.

Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Əsərin qorunması qeydiyyatdan asılı deyil. Bununla belə, müəlliflik hüququnun pozulduğu halda onun qorunması və müdafiəsi arasında “körpü” yaratmaq məqsədilə qanunvericilik əsərin qeydiyyatdan keçirilməsinə imkan yaradır.

Əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə bilərlər. Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyatını həyata keçirən ilk ölkələrdən biridir.

Əsərin qeydiyyatı aşağıdakı səbəblərə görə məqsədəuyğun sayılır:

– müəllifliyin ilkinliyi ilə bağlı mübahisələr yarandıqda əsərin qeydiyyatı haqqında hüquq sahibinə nümunəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Şəhadətnamə sübutedici sənəd kimi çıxış edir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 8-ci maddəsinə görə, mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır – əsərdən qeyri-qanuni istifadə edildikdə və ya plagiat faktları aşkar olunduqda müəllifin pozulmuş hüquqlarının müdafiəsi daha asan olur.

Bununla yanaşı, qeydiyyatdan keçirilmiş əsərlər və hüquq sahibləri barədə məlumatlar Dövlət Reyestrinə daxil edilir. Hər müəllifin şəxsi qovluğu yaradılır, qeydiyyatdan keçirilmiş əsərlər depozitə götürülür, möhürlənir və saxlanılması təmin edilir.

Agentlikdə qeydiyyatdan keçirilmiş əsərlər, müəlliflər və hüquq sahibləri haqqında elektron məlumat bazası yaradılıb. Baza “Əsər” və “Müəllif” informasiya-axtarış sistemlərindən ibarətdir.

Agentlikdə onlayn qeydiyyat sistemi də fəaliyyət göstərir. Elektron Hökumət portalından (e-gov.az) istifadə etməklə müəlliflər əsərlərini qeydiyyatdan keçirə bilirlər. Agentliyin 960 “Çağrı mərkəzi” vasitəsilə müəlliflər onları maraqlandıran suallara cavab ala bilərlər.

Əqli Mülkiyyət Agentliyindən bildirilib ki, qeydiyyat sisteminin fəaliyyətə başladığı dövrdən, yəni 1996-cı ildən 2023-cü il iyulun 1-dək 9225 müəllifin 15134 əsəri qeydiyyatdan keçirilib. Agentlik yaradıcı insanlara öz əqli mülkiyyətinin nəticəsi olan əsərlərinin dövlət qeydiyyatından keçirilməsini tövsiyə edir.