Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən S.Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Fransada yaşayan dünya şöhrətli Azərbaycanlı pianoçu, Əməkdar artist Adilə Əliyeva adına XVIII Beynəlxalq Musiqi Müsabiqəsində iştirak ediblər .
14-21 yaş kateqoriyası üzrə keçirilən onlayn müsabiqədə IV sinif şagirdi İbrahim Zəyniyev (müəllim Ənvər Həsənov, konsertmeyster – Şəfəq Qafarova) xalq çalğı alətləri ifaçılığı nominasiyasında I yerə, kamança ixtisası üzrə isə Əli İmran Muradov (Ə.Həsənov, Ş.Qafarova) III yerə layiq görülüblər.
1996-cı ildən etibarən təşkil edilən Adilə Əliyeva adına müsabiqə Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarır, onları tanıdır və təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır.
Xatırladaq ki, Adilə Əliyeva Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, ifalarından ibarət 30-dan artıq disk buraxılıb.