Özbəkistan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanın Füzuli rayonunda müasir məktəb inşa olunur. Məktəbin inşası yaxın zamanlarda başa çatacaq və Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində məktəbin açılış mərasimi keçiriləcək.

Bunu jurnalistlərə müsahibəsində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib.

Nazirin sözlərinə görə, bu məktəbin tikintisi Özbəkistan dövlətinin Azərbaycana bir dəstəyi kimi qəbul olunur: “Ümid edirik ki, məktəbin şagirdləri bizim ölkələrin dostluğunda xüsusi rol oynayacaqlar. Məktəbin inşası Özbəkistanın Azərbaycana olan dostluq, qardaşlıq münasibətinin göstəricisidir”.

Özbəkistanın mədəniyyət naziri iki ölkənin ədəbi əlaqələrinin də möhkəm təməli olduğunu vurğulayıb.

“Tarixə baxsaq görərik ki, Özbəkistan və Azərbaycan xalqları arasında daim ədəbi əlaqələr mövcud olub. Təəccüblü deyil ki, bir sıra Azərbaycan yazıçıları Özbəkistanda yaşayıb-yaradıblar. Azərbaycanda da özbək yazıçıları fəaliyyət göstəriblər”, – deyə o əlavə edib.

Nazir qeyd edib ki, Azərbaycanda keçirilən Özbəkistan mədəniyyəti günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlərin ədəbiyyat sahəsini də əhatə etməsi təsadüfi deyil: “Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatına qatıldıq. Tədbirdə də qeyd edildiyi kimi, Azərbaycanla birlikdə görəcəyimiz vacib işlərimiz var. İki ölkə arasında tarixən formalaşan ədəbi tərəfdaşlıq davam edir və bu əlaqələr sayəsində dünyada böyük nailiyyətlər qazanacağıq. Bu, bütövlükdə, türk ədəbiyyatının nüfuzunun dünya miqyasında artmasına kömək edəcək”.