“Onlar mənə qulaq assalar, başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”

 

Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, qondarma “ölkə”də yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar, başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri “Euronews” televiziyasına müsahibəsində deyib. “Euronews” iyulun 22-də dövlət başçısından Şuşada götürdüyü müsahibəni avqustun 1-də yayımlayıb.

Bir qrup amerikalı jurnalist və media ekspertinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfərin proqramı Ağdam şəhərindən başlayıb. Əvvəlcə ANAMA-nın əməkdaşı qonaqlara işğal illərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonunda kütləvi şəkildə basdırılmış minalar barədə məlumat verib.

Amerikalı jurnalistlər bərpa olunan Cümə məscidinə, Ağdam Dram Teatrının qalıqlarına  baxıblar. Onlara bu memarlıq abidələrinin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər göstərilib. Qonaqlar Ağdam rayonunda aparılan bərpa işlərinin gedişi ilə də tanış olub və Ağdam Konfrans Mərkəzini ziyarət ediblər.

Ermənistanla sülh danışıqlarının gedişi barədə sualı cavablandıran İlham Əliyev diqqətə çatdırıb ki, sərhədlərin gələcək parametrləri ilə bağlı məsələ, kommunikasiyalarla bağlı məsələ bu danışıqların əsas mövzularındandır: “İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim eksklavımız olan Naxçıvana çıxışımız olsun. Lakin bu, hələ də baş vermir... Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik”.

 

“Bir nömrəli missiya tamamlandı, indi biz sülh haqqında danışırıq”

 

“Euronews” əməkdaşının 2020-ci ilin 44 günlük müharibəsi barədə sualına cavabında  Prezident İlham Əliyev bildirib ki, müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə uğurla başa çatdı. “Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq”, – deyə İlham Əliyev əlavə edib.

Prezident vurğulayıb ki, otuz ilə yaxın işğal altında olan ərazilərimizdə şəhərlər, kəndlər yerlə yeksan edilib: “Bütün bu acılara baxmayaraq, biz qisas almadıq. Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur”.

İlham Əliyev qeyd edib ki, indi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? “Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik”, – deyə İlham Əliyev vurğulayıb.

 

Ermənistan əhalisinə və Qarabağdakı ermənilərə aydın mesajlar

 

Telekanalın əməkdaşının “Bu gün qarşı tərəfə mesajınız nədən ibarətdir” sualına cavabında Azərbaycan Prezidenti deyib: “Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.

Erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə proqnozlaşdırılmayan vəziyyət olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımızdan sonra? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm.

Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Rusiya sülhməramlıları yox idi, onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.

Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, – hazırkı və bundan əvvəlki “liderlər”, – onlara bütün bu müddət ərzində – müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər...”.