Laçında üç tamaşa hazırlanıb, bir film çəkilib

 

İşğaldan azad olunmuş Laçında incəsənət təmayüllü yay düşərgəsi təşkil edilib. “Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü ilə təşkil olunan düşərgədə Akademik Milli Dram Teatrının bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Gənc Tamaşaçılar Teatrının rejissoru Əməkdar artist Nicat Kazımov və Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov üç layihə ilə iştirak edirlər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birlikdə təşkil olunan 20 günlük yay düşərgəsində üç tamaşa hazırlanıb.

Bu barədə məlumat verən rejissor Ceyhun Dadaşovun sözlərinə görə, iyulun 22-dən başlayan layihə üzrə Laçında üç tamaşa hazırlanır.

Avqustun 8-də Nicat Kazımovun quruluşunda C.Cabbarlının “Sevil”, 9-da Ceyhun Dadaşovun quruluşunda M.Qorkinin “Danko haqqında əfsanə”, 10-da isə Mehriban Ələkbərzadənin quruluşunda J.P.Sartrın “Son xətt” tamaşalarının premyerası olacaq. Layihə çərçivəsində Fuad Əlişovun rejissorluğu ilə ərsəyə gətirilən “Lazım gəlsə” filminin təqdimatı da gözlənilir. Bu, işğaldan azad olunan ərazidə çəkilmiş ilk qısametrajlı filmdir.