“Xoşbəxtəm ki, atamın başladığı işi davam etdirmək mövqeyindəyəm...”

 

4 avqust 2003-cü il. Həmin gün Azərbaycanın ən yeni tarixinə ölkənin gələcəyi üçün müstəsna önəm kəsb edəcək gün kimi daxil oldu.

Günün birinci yarısında Milli Məclisin növbədənkənar sessiyasında ARDNŞ-nin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması barədə Prezident Heydər Əliyevin təqdimatına baxıldı.

Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunan Prezident Heydər Əliyev müvafiq təqdimatı avqustun 2-də Milli Məclisə göndərmişdi.

Təqdimat yekdilliklə (səsvermədə iştirak edən 101 millət vəkilinin lehinə səsi ilə) dəstəkləndi. Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə həmin gün İlham Əliyev Baş nazir təyin edildi.

Bu, 10 il ərzində müstəqil Azərbaycanın sabit inkişaf kursunun, milli müstəqilliyin və dövlətçiliyin qarantı olmuş Heydər Əliyev siyasətinin dönməzliyinin təmin olunması istiqamətində xüsusilə əhəmiyyətli hadisə idi. Heydər Əliyevin siyasət, diplomatiya və dövlətçilik məktəbinin ən layiqli davamçısı, Azərbaycan cəmiyyətinin gələcək lider kimi gördüyü şəxsiyyət dövlət idarəçiliyi iyerarxiyasında haqq etdiyi növbəti pilləyə yüksəlmişdi.

1994-cü ildən başlayaraq Heydər Əliyevin hakimiyyət komandasında yer alan və ona həvalə edilən bütün vəzifələrdə uğurla çalışan, müstəqil Azərbaycanın neft strategiyasının həyata keçməsində, Azərbaycan idmanının dünya miqyasında tanınmasında, Azərbaycanın haqq səsinin Avropa Şurası müstəvisində dəstəklənməsində və nəhayət, bu mötəbər təşkilatın rəhbərliyində təmsil olunaraq ölkəmizin beynəlxalq imicinin möhkəmləndirilməsində mühüm xidmətlər göstərən İlham Əliyev çiyinlərinə yeni, daha məsuliyyətli bir vəzifə götürdü.

Həmin gün Nazirlər Kabinetinin üzvləri qarşısında qısa çıxış edən İlham Əliyev bu barədə belə demişdi: “Yəqin ki, bəzi siyasi möhtəkirlər, müxalifətdə olan bəzi şəxslər bu məsələləri onların maraqlarına cavab verən tərzdə təhlil edəcəklər. Yenə də çalışacaqlar ki, iqtidar daxilində hansısa ziddiyyət toxumları səpsinlər. Mən bunu dəfələrlə demişəm, hesab edirəm, bu gün də bunu demək lazımdır. Bir daha bəyan edirəm ki, Azərbaycanda vahid bir komanda mövcuddur. O da Heydər Əliyev komandasıdır. Mən də o komandanın üzvüyəm, biz hamımız onun üzvüyük. Mən əminəm ki, biz birlikdə bundan sonra da Heydər Əliyev siyasətini davam etdirəcəyik. Hamımız birlikdə çalışacağıq ki, Azərbaycanda iqtisadiyyat güclənsin, insanlarımız rahat, firavan və rifah içində yaşasınlar...”.

İlham Əliyevin bir neçə gün sonra ABŞ-nin “Vaşinqton Post” qəzetinə müsahibəsində  dediyi sözlər isə onun gələcək missiyasının ifadəsi idi: “Mən bu seçimi şüurlu etmişəm və xoşbəxtəm ki, atamın başladığı işi davam etdirmək mövqeyindəyəm...”.

Heydər Əliyevin yolunu davam etdirmək Azərbaycan dövlətinin mənafelərini ən yüksək səviyyədə müdafiə və realizə etməyi bacarmaq demək idi.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Azərbaycanın bir nömrəli problemini həll etmək üçün dövlətin bütün potensialını səfərbər edəcəyinə söz verdi: “Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcək... Əlbəttə, yəqin çətinliklər də olacaq. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yola getməzdim...”.

Qarşıda, həqiqətən də, çox mürəkkəb, çətin, geosiyasi düyünlərlə dolu illər vardı. Amma xalqa arxalanaraq, onun inam və etibarına, birlik və bərabərliyinə güvənərək aşılmayacaq sədd yoxdur.

Ötən 20 il ərzində İlham Əliyev Ulu öndər Heydər Əliyevin dövlətçilik yolunu davam etdirərək xalqı ilə birlikdə, xalqa arxalanaraq Azərbaycana çox iqtisadi, siyasi, diplomatik və s. nailiyyətlər qazandırıb. Onların ən parlağına, tariximizə şan-şərəf salnaməsi kimi yazılan Zəfərə isə 2020-ci ildə bütün dünya şahid oldu... Bu gün də dünya Azərbaycanın azad torpaqlarını necə dirçəltdiyinə, uğuruna uğur qatdığına şahiddir.

İrəlidə isə Azərbaycanın gücünə güc qatacaq, onu daha qüdrətli və daha firavan edəcək hələ neçə illər var...

Vüqar Orxan