Qardaş ölkə sənətçilərinin Bakıda mədəniyyət günləri barədə düşüncələri

 

Xəbər verdiyimiz kimi avqustun 1-dən 4-dək Bakıda Özbəkistan mədəniyyəti günlərinə şahidlik etdik. Uzun fasilədən sonra ilk dəfə idi ki, Özbəkistanın mədəniyyət xadimləri belə geniş tərkibdə ölkəmizə səfər edirdi. 240 nəfərdən ibarət nümayəndə heyətinə Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov rəhbərlik edirdi. Bu əsl qardaşlıq, dostluq bayramı idi...

Rəngarəng proqram, sənət adamlarının bir-biri ilə isti münasibətləri, keçmişlə bu gün arasında körpü olan incəsənət xadimlərinin səmimi söhbətləri ilə yadda qaldı bu günlər. Özbəkistandan nümayəndə heyəti ilə birlikdə ölkəmizə gələn özbək mediası da qarşılıqlı olaraq Azərbaycan sənətsevərlərinin fikir və duyğularını, özbək mədəniyyətinə sevgilərini lentə alaraq ölkələrinə ərməğan olaraq apardılar. Yaşlı və orta nəsil azərbaycanlılar özbək mədəniyyəti ilə nə qədər tanışdırlarsa, gənc nəsil haqqında bunları deyə bilmərik. Hələ sovetlər dönəmindən hər kəsin sevdiyi, bütün SSRİ respublikalarında məşhur olan incəsənət ustaları ilə yanaşı, gənc nəsli təmsil edən sənətçilər də ölkəmizə təşrif buyurmuşdu...

Əfsanəvi “Yalla” qrupunun mahnılarını hansı birimiz sevmirik ki... Yaxud da iki Azərbaycanın və Özbəkistanın Xalq artisti tanınmış müğənni Nəsibə Abdullayevanın məşhur mahnıları dilimizin əzbəridir. Bizlər bu günlər ərzində əsl sənət və ədəbiyyat bayramında qardaş xalqın musiqisi, teatrı, ədəbiyyatı, mətbəx mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazandıq.

***

Mədəniyyət günlərinin açılış tədbirində Özbəkistan Dövlət Simfonik Orkestrinin müşayiətində Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramının rejissoru, Özbəkistan Milli Televiziyasının baş rejissoru, Əməkdar mədəniyyət işçisi Alisher Madraximovun səfər təəssüratlarını öyrəndik. Müsahibim daha çox rəsmi dövlət tədbirlərinin təşkilatçısı olduğunu bildirdi. Bu ilin may ayında Şuşada keçirilən Xarıbülbül festivalında da iştirak edən rejissor dedi: “Hər bir ölkənin də öz mədəniyyəti, mirası var. Bu ölkələr arasında Azərbaycanın öz yeri var. Gözəl musiqi, mükəmməl ifalar... Ahəngdarlıq baxımından qeyd etdiyim bu gözəlliyi dünya musiqilərində az-az hiss etmək mümkündür. İncəsənətimiz, musiqi alətlərimiz bir-birinə yaxındır. Tar, dəf və s alətlər hər iki ölkənin ansambllarında var. Azərbaycan musiqiçilərinə böyük hörmətlə yanaşıram. Üzeyir Hacıbəyli haqqında geniş məlumata malikəm. Xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Simarə İmanovanı yaxşı tanıyıram. Rəşid Behbudov, Polad Bülbüloğlunu da xüsusi qeyd etmək istərdim. “Arşın mal alan” filminə dəfələrlə baxsam da, yorulmuram. Azərbaycan incəsənəti qəlbimə çox yaxındır və qismətdən çox şadam ki, bu gün belə bir tədbirin rejissorluğu mənə qismət olub”.

A.Madraximov 1978-ci ildə, 13 yaşında Daşkənddə tanınmış Azərbaycan müğənnisi Zeynəb Xanlarovanın ilk konsertini işlədiyini deyir. O, bu gün iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq duyduğunu, bu dostluğun, doğmalığın əbədi olmasını arzuladığını bildirir.

***

Özbəkistan Dövlət Simfonik Orkestrinin violin ifaçısı Güzel Raxmanova: “Çox şadıq ki, bu gün Azərbaycandayıq. Babam əslən Bakıdandır, azərbaycanlıdır. O, Özbəkistanda çalışıb və ailə qurub. Hazırda məzarı da Özbəkistandadır. Bura gələndə keçirdiyim hissləri sözlə belə ifadə edə bilmirəm. Sadə insanlar, sənətçilər bizi çox səmimi qarşılayırlar. Çox maraqlı proqramla gəlmişik. Repertuarımızda Azərbaycan və özbək mahnıları, eləcə də klassik əsərlər daxildir. Hər kəsin zövqünə uyğun bir çələng təqdim etməyə çalışacağıq”.

***

Özbəkistan Dövlət Simfonik Orkestrinin dirijoru, Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilən Əməkdar artist Kamoliddin Urinbayev deyir ki, biz mükafat üçün deyil, sənət və qardaşlıq üçün xidmət edirik. Azərbaycanın belə yüksək təltifinə layiq görülməyimlə fəxr edirəm və bundan sonra da hər iki ölkənin mədəniyyətinə töhfələr verməyə çalışacağam: “Həyəcanlıyam, eyni zamanda sevincliyəm. Bu, mənim Azərbaycanda aldığım ilk mükafatdır. Bu, kiçik işimə verilən böyük qiymətdir. Amma bu eyni zamanda böyük özbək mədəniyyətinə verilən mükafatdır. Uzun illərdir ki, özbək mədəniyyəti belə geniş heyətlə Azərbaycanda təqdim olunmurdu. Bizim üçün Azərbaycan qardaş xalqıdır. Azərbaycanın dahi sənətkarları və musiqiçiləri var. Biz onları özümüzünkü hesab edirik. Bu tədbirlərdə iştirak etmək mənim üçün böyük şərəfdir. Orkestrimizlə azərbaycanlı musiqiçilərlə birlikdə həm Azərbaycanda, həm də Özbəkistanda, eləcə də digər ölkələrdə konsertlər verməyi planlaşdırırıq. Çünki biz iki qardaş xalq olaraq ortaq mədəniyyətə malikik”.

***

Xalq artisti müğənni Fərrux Zakirov doğma Bakı və tamaşaçılar üçün çox darıxdığını dedi: “Uzun illərdir ki, Bakı tamaşaçısının gurultulu alqışlarını eşitmirdim. Bu gün isə yenidən o sevgi və hərarətlə üz-üzəyik. Bundan böyük məmnunluq duyuram”.

***

Azərbaycanın və Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva: “Arzum budur ki, həm Özbəkistan, həm də Azərbaycan həmişə yaxşı günlər yaşasınlar. Ölkələrimizdə əmin-amanlıq olsun. Azərbaycan-Özbəkistan qardaşlığı ədəbi olsun”.

Bəli, Bakıda keçirilən Özbəkistan mədəniyyəti günləri zəngin proqramı və qardaşlıq duyğusu ilə 2023-cü ildə iki ölkənin mədəni hadisələri tablosunu al-əlvan rəngə boyadı. Növbə Özbəkistanda Azərbaycan mədəniyyəti günlərinindir...

Lalə Azəri