Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 6-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

DİM-dən bildirilib ki, III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən ümumilikdə 519 abituriyent qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində (ümumilikdə 10 imtahan binasında) keçirilib.

İmtahan bütün binalarda saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

İmtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 238 mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.

İmtahan nəticələri yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra – 5 gün ərzində elan olunacaq.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.