İzmirdə qızımın məzun tədbiri idi. S.Sabançı adına Kültür və Sənət Mərkəzinin böyük zalında İzmir Dövlət Konservatoriyasının "Məzun –2023" mərasimi keçirilirdi. Elə bir gözəl aura vardı ki, sözlə ifadə etmək mümkün deyil. Sanki o boyda möhtəşəm zalın hər qarışı müsbət enerjiylə dolmuşdu. İllərlə dərslərin ağırlığını çiyinlərində daşıyan məzunlar, tələbələrinə övladları kimi baxan, onlarla dost olan və onlara sənətin sirlərini öyrədən pedaqoqlar və təbii ki, biz valideynlər və tədbirə dəvət olunmuş başqa qonaqlar...

Bir valideyn olaraq bundan gözəl hansı bir günü yaşaya bilərsən ki? El arasında həmişə bir birimizə arzuladığımız o sözlər yadıma düşdü: "Gün o gün olsun, övladın universitetə qəbul olsun və oranı bitirsin!". Tam o məqam idi. Məzunlar universitet həyatından ayrılıb, başqa bir həyata qatılırdılar. Valideynlərin və müəllimlərin sevinci bir-birinə qarışmışdı. Kənardan səhnəyə baxıb sanki bir film izləyirdim. Təhsillə əlaqəli övladının yuxusuz gecələri, uğurları, məğlubiyyətləri, hər şey bir-bir gəlib keçir gözünün önündən... Salonda olan bütün valideynlərin gözlərində də eyni duyğuları hiss etdim. Bütün o çətinliklər artıq geridə qalmışdı. Övladlarımız məzun idi...

Bu duyğulara dalarkən maraqlı bir epizodun şahidi oldum. Bəlkə də o böyük salonda yüzlərlə insanın içində bir tək mən onu fərq etdim. Çünki orda olan hamı üçün bu çox adi bir hal di. Bəs nə idi o adi hal?

Ənənəyə görə, məzun mərasiminin sonunda, diplom təqdimatından sonra bütün məzunlar başlarına qoyduqları məzun papaqlarını sevinclə göyə atırlar. Çox gözəl və inanılmaz hisslərlə dolu bir görüntüdür. Bütün telefonlar bir anda o görüntüləri çəkirdi. Təbii ki, göyə atılan o məzun papaqları nə göydə qaldı, nə də bumeranq kimi öz sahiblərinə geri qayıtdı. İkinci təbii hal da budur ki, onlar yerin cazibə qüvvəsinə görə göyə atıldıqdan sonra yerə düşdülər. Üçüncü təbii hal da var. O da odur ki, məzunlar sevincdən və yaşadıqları həyəcandan dolayı gedib o papaqları götürmürdülər. Hamı səhnədə biri birini qucaqlayırdı, gülən kim, sevinən kim, kədərlənən kim... Çox təsirli anlar idi. Amma mənə təsir edən tamamilə başqa bir şey oldu...

Konservatoriya rəhbərliyində işləyən bir müəllim səhnəyə qalxdı və yerdən bir-bir məzun papaqlarını toplamağa başladı. Arxa fonda məzunların sevinci səhnəni o qədər doldurmuşdu ki, heç o müəllimə fikir verən yox idi. Təbii ki, hamının diqqətini çəkən də o əsas fon idi, yəni məzunlar. Müəllimin əyilib yerdən papaqları toplaması yəqin ki, heç kim üçün maraqlı deyildi – nə orda sevinclərini yaşayan məzunlar üçün, nə də hisslərini içində gizlədə bilməyən valideynlər üçün. Hər tərəf səs-küy, musiqi sədaları, səhnədən gələn rəngbərəng işıqlar... Amma mənim gözüm o müəllimdə idi. Sakitcə işini görürdü. Onu da deyim ki, o müəllim Konservatoriya rəhbərliyində vəzifəsi olan bir dövlət məmuru idi. Məzun papaqlarını yerdən toplamaq da onun vəzifəsi deyildi. Amma o insanın təvazökarlığı məni heyran etdi. O tək bir məmur deyildi. O eyni zamanda bir insan idi. Tələbələri sevən, işini sevən, xalqını və dövlətini sevən bir vətəndaş idi.

Lap arxa fonda Mustafa Kamal Atatürkün böyük şəkli asılmışdı. Gözlərim müəllimdən ayrılıb o şəklə sataşdı. Atatürkün sözləri yadıma düşdü: "Bu millətə əfəndilik etmək yoxdur, hizmət etmək vardır. Bu millətə hizmət edən artıq onun əfəndisidir".

Həqiqətən də, böyük sözlərdir. Bu sözlərin nə olduğunu anlamaq üçün kənardan o vəzifəli məmurun əyilərək yerdən bir-bir məzun papaqlarını topladığını seyr etmək kifayət idi. Xalqına və öhdəçiliyində olan insanlara əfəndilik yox, qulluq edən məmur belə olar. Buyurmaq asandır, amma xidmət etmək çox çətindir. Mən sanki məzun tədbirindən uzaqlaşmışdım. Gözlərim ancaq səhnədə o müəllimi görürdü. Bir anda düşündüm ki, o bunu kimsə görməsin deyə gizlin bir yerdə etmirdi. Bütün insanların gözü önündə edirdi. Yəni etdiyindən də utanmırdı. Sanki adi bir şey idi. Bir həkimə insanları müalicə etdiyinə görə həkim deyirlərsə, bir dərziyə paltar tikdiyinə görə dərzi deyirlərsə və bir rəssama şəkil çəkdiyinə görə rəssam deyirlərsə, eyni zamanda bir məmura da xalqa xidmət etdiyi üçün məmur deyirlər. O insana böyük insan kimi baxırdım. Heyranlıqla baxırdım. Onun bu hərəkəti böyük hərəkət idi, qürurverici hərəkət idi. O mənim gözümdə böyük insan idi. Çünki tabeçiliyində olan insanlara buyurmurdu, onlara hizmət edirdi...

Bir anda öz vətənimi düşündüm. Dünyanın hansı yerində olsam da, həmişə Azərbaycanı düşünürəm, Azərbaycanla müqayisə edirəm... Bizdə də belə məmur nümunəsi varsa, onda mən dünyanın ən xoşbəxt adamıyam...

Elçin Orucov
sosioloq