Qərbi Azərbaycan İcmasında Nüvədi kənd sakinlərinin görüşü keçirilib


Qərbi Azərbaycan İcmasında (QAİ) “Heydər Əliyev İli” çərçivəsində Qərbi Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərinin görüşü keçirilib.

İcmanın aparat rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov tədbiri açaraq nüvədililəri salamlayıb.

QAİ Müşahidə şurasının üzvü, Mehri rayon icmasının sədri fizika-riyaziyyat elmləri doktoru, akademik Fikrət Əliyev Ümummilli lider Heydər Əliyevin nüvədililərə diqqət və hörmətindən söz açıb. Bildirib ki, Heydər Əliyev nüvədililərin 1987-1991-ci illərdə göstərdikləri müqaviməti yüksək qiymətləndirmişdi. O bu barədə danışarkən demişdi: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə Nüvədidən çıxmırdılar. Onları sonra zorla oradan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orda çadırlarda yaşayırdılar. Onlar mübarizə aparırdılar...”.

BDU-nun kafedra müdiri İsmayıl Əliyev, YAP təftiş komissiyasının üzvü Musa Musayev Ümummilli lider barədə xatirələrini bölüşüb, onun Zəngəzur haqda fikirlərindən bəhs ediblər.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə görüşündə Qərbi Azərbaycanın tarixi torpaqlarımız olması, soydaşlarımızın geri qayıdış hüququ barədə səsləndirdiyi fikirlərə toxunub.

BDU-nun kafedra müdiri professor Qoşqar Əliyev Nüvədinin deportasiya tarixinə dair məruzə ilə çıxış edib. Bildirib ki, qədim yaşayış məskənlərimizdən biri olan Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına aid olub. Daha sonra kənd Mehri rayonunun (Ermənistan SSR) tərkibinə daxil edilib. Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamı, həmçinin Baba Hacı ziyarətgahı və digər tarixi, dini, mədəniyyət abidələri regionda bu gün də insanlar tərəfindən xatırlanır. Lakin həmin qəbiristanlıqlar, ziyarətgahlar erməni vandalizminin qurbanı olub və məhv edilib. Nüvədi kəndi 1991-ci il avqustun 7-də azərbaycanlıların Qərbi Azərbaycanda sonuncu tərk etdikləri yaşayış məskənidir. Kənddən azərbaycanlıların zorla çıxarılması ilə Ermənistan soydaşlarımızın deportasiyasını tamamlayıb.

Nüvədi kənd sakinləri – təqaüdçülər Balakişi Həsənov, Fərman Qasımov, Abbas Hətəmxanov, tədqiqatçı-jurnalist Ruslan Babayev, Sumqayıt qaz istismar sahəsində texniki şöbənin rəisi, şəhid atası Məhərrəm İbadov, bəstəkar Sevinc Tofiqqızı, Mərkəzi Elmi Kitabxananın əməkdaşı Şəbnəm Rüstəmova, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov çıxışlarında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri və onun Qərbi azərbaycanlılara dəstəyindən ətraflı bəhs ediblər. Qeyd edilib ki, nüvədililər bir gün doğma kəndə qayıtmaq arzusu ilə yaşayırlar və bunun gerçəkləşəcəyinə inanırlar.