Mədəniyyət Nazirliyindəki görüşdə fikir və təkliflər dinlənilib

 

Avqustun 14-də Mədəniyyət Nazirliyində gənc kinematoqrafçılarla görüş keçirilib.

Mədəniyyət naziri Adil Kərimli görüş iştirakçılarını salamlayıb, bu il 125 yaşı qeyd olunan Azərbaycan kinosunun zəngin ənənələrindən, bu sahənin inkişafına öz töhfəsini vermiş görkəmli sənətkarlardan bəhs edib.

Dövlət tərəfindən mədəniyyətin digər sahələri kimi, kinematoqrafiya sahəsinə də diqqət və qayğı göstərildiyini deyən nazir ölkə başçısının bununla bağlı müvafiq fərman və sərəncamlar imzaladığını diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin fərmanı ilə Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması da bu sahəyə yüksək qayğının daha bir təzahürüdür.

Adil Kərimli bu ilin aprel ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən ilk Kino Forumundan ötən dövr ərzində görülən işlər barədə də məlumat verib, yaradıcı sənayenin inkişafının əhəmiyyətini vurğulayıb.

Görüşdə gənc kinematoqrafçıların fikir və təklifləri dinlənilib, kino sahəsinin inkişaf məsələlərinə dair geniş müzakirə aparılıb. Qeyd olunub ki, gələcəkdə belə platformaların, görüşlərin mütəmadi keçirilməsi, kinematoqrafiyanın müxtəlif sahələrində yaradıcı əməklə məşğul olan bütün gənclərin əhatə olunması önəmlidir.