Avqustun 14-də Türkiyənin media nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

Əvvəlcə işğaldan azad edilmiş Ağdam şəhərinə gələn media mənsubları bərpası davam edən Ağdam Cümə məscidinə baxış keçiriblər. Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşı jurnalistlərə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri və Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhərindəki Cümə məscididir. 1868-1870-ci illərdə memar Kərbəlayı Səfixan Qarabağinin layihəsi üzrə tikilən məscid ölkə əhəmiyyətli abidələr siyahısındadır. Ağdamı yerlə yeksan edən ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra məsciddə bərpa-restavrasiya işlərinə başlanılıb.

Türkiyəli media təmsilçiləri Ağdam-Xankəndi və yeni inşa olunan Bərdə-Ağdam avtomobil yolları, həmçinin Ağdam şəhərində salınan çoxmənzilli yaşayış məhəlləsi ilə tanış olublar.

Türkiyəli jurnalistlərin səfərinin növbəti ünvanı Zəngilan rayonunun yenidən qurulan Ağalı kəndi olub. Onları Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Media nümayəndələrinə Ağalı kəndi barədə ətraflı məlumat verilib. Bildirilib ki, 27 il işğal altında olan Zəngilan rayonu da ermənilər tərəfindən tamamilə dağıdılıb, bütün infrastruktur məhv edilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq Qələbəsindən sonra işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Zəngilanda da genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. Böyük Qayıdış proqramı üzrə ilk olaraq 2022-ci ilin yayında Ağalı kəndinin sakinləri doğma yurdlarına qayıdıblar.

Bildirilib ki, bir neçə gün əvvəl Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi həyata keçirilib və 106 nəfərdən ibarət daha 22 ailə kəndə köçürülüb. Hazırda Ağalıda ümumilikdə 526 nəfərdən ibarət 108 ailə məskunlaşıb. Kənd sakinləri müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti, tikiş sexi və digər yerlərdə çalışmaq imkanı əldə ediblər. Köçürülmüş əhali üçün bütün infrastruktur – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar yaradılıb.

Türkiyəli jurnalistlərə Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolunun, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisinin sürətlə davam etdirilməsi barədə də məlumat verilib. Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi məqsədilə 2021-ci ilin aprelində tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanının Türkiyə və Azərbaycan prezidentlərinin birgə iştirakı ilə istifadəyə verildiyi xatırlanıb.

Qeyd olunub ki, Zəngilanın yenidən qurulması işində qarşıda duran vacib məsələlərdən biri də işğal dövründə məhv edilən ekosistemin bərpasıdır. Bəsitçay hövzəsi boyunca mövcud olmuş təbii çinar meşəsi Avropanın ən böyük çinar meşəsi olub. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində çinar meşələri ekosidə məruz qalıb. Zəngilanın ekosisteminin bərpası üçün 20 min çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib. Zəngilan rayonunda həm də dayanıqlı kənd təsərrüfatının, turizm sahəsinin, xüsusilə ekoturizmin və kənd turizminin inkişafına təkan verə biləcək sahələrin yaradılması da nəzərdə tutulub. Bütün bu işlər burada yaşayan əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verəcək.

Media nümayəndələri Ağalı kəndinin ərazisini gəzib, görülən işlərlə yaxından tanış olublar.

***

İşğaldan azad olunan ərazilərdə səfərdə olan Türkiyənin media nümayəndələri Zəngilandan sonra Laçına gəliblər.

Əvvəlcə onlar Laçın dövlət-sərhəd buraxılış məntəqəsinə baş çəkiblər. Ermənilərin dövlət sərhəd-buraxılış məntəqəsindən keçidini izləyən qonaqlar daha sonra Laçın şəhərinə yola düşüblər.

Qeyd edək ki, türkiyəli jurnalistlər ermənilərin Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən keçidi zamanı bütün prosedurları izləyiblər. Keçid məntəqəsində ermənilərin qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra keçidi təmin edilib. Gün ərzində 20 nəfər Ermənistan istiqamətinə keçib.

Həmçinin onlar Ermənistan tərəfində yük maşınlarının dayandırılmasını və bununla da Ermənistanın siyasi şou yaratmaqla təxribata əl atmasının da şahidi olublar.

Laçın şəhərinə gələn jurnalistlərə burada işğalın nəticələri, aparılan quruculuq işləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Böyük Qayıdış proqramına uyğun olaraq Laçın sakinləri də 2023-cü ilin may ayından başlayaraq doğma şəhərə qayıdırlar. Qonaqların diqqətinə çatdırılıb ki, bir neçə gün əvvəl daha 23 ailə Laçında məskunlaşıb. Hazırda Laçın şəhərində ümumilikdə 203 ailə olmaqla 793 nəfər məskunlaşıb və köçürülən ailələr üçün bütün infrastruktur şəraiti yaradılıb.

Media nümayəndələri Laçın şəhəri ərazisində gəzintiyə çıxaraq burada tikinti-quruculuq işləri sayəsində yaradılan şəraitlə tanış olublar.