Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilib.

İttifaqdan bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xalq artisti, AMEA-nın müxbir üzvü, professor, İttifaqının sədri Firəngiz Əlizadə bu faciəvi tarixin o dəhşətli hadisələrin şahidi olmuş hər bir Azərbaycan vətəndaşının həyatında dərin iz qoyduğunu bildirib.

“Bu il Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq, həmin faciəli gecənin ağrıları səngimir. İmperiya siyasətinin və sovet hərbi maşınının qurbanı olmuş yüzlərlə günahsız insanın ölümü yaddaşımızdan heç vaxt silinməyəcək. Eyni zamanda, bu gün bizim hamımız üçün müstəqillik uğrunda mübarizə aparan Azərbaycan xalqının şərəf və qəhrəmanlıq səhifəsidir. Bu hadisələrə ehtiramla yanaşmaq hər bir sənətkarın, hər bir yaradıcı şəxsin mənəvi borcudur. Bu illər ərzində bəstəkarlarımız o faciəvi günlərin kədərini, qəhrəmanlığını özündə əks etdirən müxtəlif janrlarda çoxlu əsərlər yazıblar. Bu əsərlər ənənəvi olaraq Bəstəkarlar İttifaqının 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər proqramlarına daxil edilir. Bu gün isə həmin ənənənin janr diapazonu genişləndirilərək sənədli filmə müraciət edilib”,-deyə F.Əlizadə əlavə edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə, Xalq yazıçısı Elmira Axundova 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda əhəmiyyətini vurğulayaraq, xalqımızın milli faciəsini azadlıq uğrunda mübarizənin qəhrəmanlıq səhifəsi kimi dəyərləndiriblər.

Tanınmış rejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallı Qanlı Yanvar faciəsi ilə bağlı xatirələrindən, həmin dövrdə müəyyən videomaterialları lentə alarkən qarşılaşdığı təhlükələrdən və şahidi olduğu hadisələrdən ətraflı şəkildə bəhs edib.

Daha sonra Cahangir Zeynallının “20 Yanvar” adlı sənədli filmi nümayiş olunub. Film rejissorun həmin dövrdə lentə aldığı videomateriallara və tarixi faktlara, müəllif araşdırmalarına əsaslanıb.

Film tamaşaçılara böyük emosional təsir bağışlayıb.