Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 18-də Şamaxı şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Adil Kərimli və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında keçirilən qəbulda nazir Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Vətəndaşlar, əsasən, mədəniyyət sahəsi ilə təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.