Əldə olunacaq vəsait qadın rejissorlara dəstək məqsədilə ianə ediləcək

 

Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 6-10 sentyabr tarixlərində Nizami Kino Mərkəzində keçiriləcək 6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalının bilet satışları başlayıb.

Bu barədə məlumat verən festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bilet satışlarından əldə olunacaq vəsaitin qadın rejissorlara dəstək məqsədilə ianə ediləcəyini bildirib.

Qeyd edək ki, festivala 46 ölkədən ümumilikdə 174 film daxil olub. Seçim komissiyası müsabiqə proqramı üçün 13 ölkədən 39 film qəbul edib. Filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq.

“Ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə 11, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” üzrə 10, “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” üzrə 8,  “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə isə  10 film proqrama salınıb.

Xatırladaq ki, ötən il keçirilən 5-ci festival “İqlim dəyişikliyi” mövzusuna həsr olunmuşdu və devizi “Bir bilet = bir ağac” idi. Festivalın bilet satışlarından əldə olunan vəsait (4119 AZN = 412 ağac) işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə edilmişdi.