2-6 oktyabr tarixlərində Bakı 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Bu, ölkəmiz üçün son illərin ən irimiqyaslı tədbiridir.

Konqres “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində keçiriləcək. 2019-cu ilin oktyabr ayında Vaşinqtonda (ABŞ) keçirilən Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına seçkilər zamanı Bakı şəhəri bu mötəbər tədbirə ev sahibliyi etmək hüququ qazanıb.

Bu barədə məlumat verən “Azərkosmos”un İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova qeyd edib ki, tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər. Konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq.

Hazırda Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzi arasında 8000 kvadratmetr sahədə 74-cü Beynəlxalq Astronavtika Konqresi üçün müvəqqəti sərgi pavilyonu qurulur. Kosmos sahəsi üzrə bir çox şirkətlər Bakı konqresinə böyük maraq göstərir. Pavilyonda iştirakla bağlı artıq 50-dən çox təşkilatla müqavilə imzalanıb. İndiyədək 70-dən çox ölkədən kosmik şirkətlər və nümayəndələr konqresdə iştirak üçün qeydiyyatdan keçiblər.

“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olacaq.

Fidan Behbudova bildirib ki, Bakı konqresində elmi məqalələrə böyük maraq var. Ümumilikdə 95 ölkədən 3600-dək elmi məqalə Bakı Beynəlxalq Astronavtika Konqresinə qəbul olunub. Azərbaycandan gənc tədqiqatçılar, professorlara aid 214 məqalə qeydiyyatdan keçib.

Önəmli məqamlardan biri də bu il 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurlarının sadələşdirilməsidir. Prezident İlham Əliyev bununla bağlı sərəncam  imzalayıb. Sərəncama əsasən, tədbirə qatılmaq istəyən əcnəbilər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.