Turizm cənnəti idi...

 

ABŞ-nin Havay ştatının Maui adasında iki həftəyə yaxın sürən yanğınlar vurduğu ziyanın həcminə və insan tələfatına görə ölkə tarixində son yüz ilin bu qəbildən ən böyük fəlakətidir.

Yanğınlarda qeydə alınan ölü sayı 100-ü keçib. 800-dən çox insan itkin düşmüş sayılır. İlkin hesablamalara görə, maddi ziyan təxminən 6 milyard dollar həcmində qiymətləndirilir.

Sakit okeanın mərkəzində, ABŞ-nin kontinental hissəsindən qərbdə 3700 km məsafədə yerləşən Havay adaları (ümumi ərazisi 28 min kvadrat kilometr) 1959-cu ildə ABŞ-nin 50-ci ştatı statusunu alandan sonra turistik məkan kimi tanınmağa başlayıb.

Havay ştatının qubernatoru Coş Qrin bildirib ki, yanğınlar zamanı 2200 bina yanaraq məhv olub.

Maui adasında başlayan meşə yanğınları Dora qasırğasının yaratdığı güclü küləklər səbəbindən sürətlə yayılaraq ərazidəki yaşayış evlərinə və turizm təsislərinə keçmişdi.

Yanğın fəlakətinin ikinci həftəsində, avqustun 21-də ABŞ Prezidenti Co Bayden Havay adalarına səfər edib. Onun adada demək olar ki, hər şeyin yanıb kül olmasından sonra bölgəyə gəlməsi sakinlər tərəfindən etirazla qarşılanıb.

Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahainə keçib və şəhər tamamilə yanıb.