Bu ilin may ayından Laçın şəhərinə sakinlərin qayıdışı başlanıb. Otuzillik həsrətdən sonra artıq bu gözəlliklər məkanında da həyat canlanır.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının bu əlamətdar günlərində daha bir xəbər yayılıb. Şəhər ərazisində kino çəkilişi üçün pavilyonlar qurulacaq.
Bu barədə “Hoçazfilm”in bədii rəhbəri, rejissor Amil Amal (Məmibəyli) məlumat verib. O bildirib ki, “Hoçazfilm” studiyası Laçın şəhərində inşa edilən 2 inzibati bina və 1 çəkiliş pavilyonundan ibarət unikal, çoxsahəli yaradıcılıq məkanı layihəsidir. Adını Laçının Hoçaz kəndindən götürən layihənin əsas məqsədi regional audiovizual mərkəz kimi fəaliyyət göstərmək, Laçın rayonu daxil olmaqla, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin işğaldan sonrakı dövrünün salnaməsini formalaşdırmaq, bütövlükdə bölgənin təbliğat və təşviqatını həyata keçirməkdir.
Layihəyə bədii və sənədli filmlərin çəkilişi ilə yanaşı, Qarabağ regionundakı bütün mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçındakı yenidənqurma işlərinin ictimaiyyətə çatdırılması, regional milli brendlərin və yerli məhsulların təşviqatı, teatr, ədəbiyyat, xüsusilə kinematoqrafiya sahəsində gənclər üçün yaradıcılıq emalatxanalarının, müsabiqələrin, festival və sərgilərin keçirilməsi və s. daxildir.
Hazırda studiyada Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuş laçınlı Xosrov bəy Sultanov haqqında film çəkilir. Filmin tizerinin təqdimatı avqustun 25-26-na planlaşdırılır. “Qarabağ qubernatoru” adlı filmin layihə rəhbəri Lalə Əliyeva, ssenari müəllifi Şərif Ağayar, rejissoru Amil Amaldır. Filmdə əsas rolları əslən laçınlı olan aktyorlar Səmimi Fərhad, Türkay Cəfərli, Rauf Şahsuvarov və Sabirə Rüstəmzadə canlandıracaq.
A.Amal qarşıdakı aylarda “Hoçazfilm”in bir neçə istiqamət üzrə layihə qəbulu elan edəcəyini də diqqətə çatdırıb. Deyib ki, daha çox beynəlxalq motivli layihələrə və birgə istehsala üstünlük veriləcək.
L.Azəri