“Həyat, deyəsən, gözəldir” filmi göstəriləcək

 

Avqustun 28-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti Vaqif  Mustafayevin 70 yaşı tamam olur. Həmin gün Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.

Yubiley gecəsində rejissorun “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq.

2022-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film otuz ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsindən bəhs edir. 1993-cü ildə Vaqif Mustafayevin ssenarisi üzrə çəkilən “Fəryad” filminin (rejissor Ceyhun Mirzəyev) özünəməxsus “davam”ı kimi səciyyələndirilən yeni ekran əsərində Azərbaycan Ordusunun Zəfər yürüşü qarşısında işğalçıların təlaşı, acizliyi tragikomik kino dili ilə təqdim olunur.

Filmin ssenari müəllifi Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiyaş, Aftandil Maxaradze çəkiliblər.