Venesiya festivalının əsas proqramında 23 film var...
Avropanın və ümumilikdə dünya kinosunun üç ən nüfuzlu kinofestivalından biri sayılan Venesiya Beynəlxalq Film Festivalı (Venice International Film Festival) bu il 80-ci dəfə keçirilir. Ənənəvi olaraq İtaliyanın Venesiya şəhəri yaxınlığındakı Lido adasında təşkil olunan festivalın əsası 1932-ci ildə qoyulub və o, dünyanın ən qocaman kino müsabiqəsidir.
Bu il 30 avqust – 9 sentyabr tarixlərində keçiriləcək 80-ci Venesiya Beynəlxalq Film Festivalı italyan rejissor Edoardo de Angelisin “Komandante” filmi (İtaliya-Belçika istehsalı) ilə açılacaq.
Festivalın əsas müsabiqə proqramında 23 film yer alıb. Lük Bessonun “Dogman”, Bertran Bonellonun “La Bete”, Stefan Brizenin “Hors-Saison”, Sofia Koppolanın “Priscilla”, David Finçerin “Qatil” və başqa filmlər Venesiya festivalının baş mükafatı – “Qızıl şir” uğrunda yarışacaqlar.
Əsas müsabiqə proqramının münsiflər heyətinə Fransa-Amerika kinorejissoru Damien Şazel (Damien Chazelle) rəhbərlik edir.
Əsas müsabiqə proqramından savayı “Üfüqlər” (Orizzonti) proqramında da 20-dək ekran əsəri nümayiş etdiriləcək. Onların arasında iki türkiyəli rejissorun filmləri də var. Selman Nacarın “Tərəddüd xətti” və Nehir Tunanın “Yurd” filmi ilk dəfə kinosevərlərə Venesiyada təqdim olunacaq.
Festivalın ənənəvi fəxri mükafatının sahibləri isə artıq bəllidir. Kinematoqrafiyaya böyük töhfələrinə görə bu il fəxri “Qızıl şir” mükafatına 90 illiyini qeyd edən italyan xanım rejissor Liliana Kavani (Cavani) və honkonqlu aktyor Toni Lyun Çu Vay (Tony Leung Chiu Wai) layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan kinosu Venesiya kinofestivalında ilk dəfə 2014-cü ildə təmsil olunub. Həmin il rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi 71-ci Venesiya kinofestivalının “Üfüqlər” proqramında göstərilib. 2020-ci ildə isə 77-ci Venesiya festivalının əsas müsabiqə proqramında rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” (“İn Between Dying”) filmi nümayiş olunub.