Ölkəmizdə ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirildi

 

Xəbər verdiyimiz kimi, 1-3 sentyabr tarixlərində ölkəmizdə ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirildi. Forum Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, AMEA və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşdi.

Forum sentyabrın 1-də şairlər yurdu Şamaxıda işə başladı.

Əvvəlcə forum iştirakçıları Ulu öndər Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edib önünə gül dəstəsi qoydular.

Sonra “Shamakhi Palace” hotelinə gələn qonaqlara açıq havada Azərbaycan ədəbiyyatının Nəsimi, Xətai, Natəvan və başqa böyük söz ustadlarının obrazlarının da yer aldığı ədəbi-bədii proqram təqdim olundu.

Hotelin konfrans zalında keçirilən açılış mərasimində dövlət rəsmiləri, millət vəkilləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri, media nümayəndələri iştirak edirdi.

***

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli forumun əhəmiyyətindən söz açdı. Diqqətə çatdırdı ki, tədbirin açılışının Şamaxıda reallaşması təsadüfi deyil. Şamaxı qədim zamanlardan özünəməxsus ədəbi ənənələri, ədəbi məktəbi olan bir şəhərdir. Ona görə də biz bu ənənəni davam etdirmək istəyirik. Tarixi və ədəbi ənənələrini nəzərə alaraq, 2025-ci ildə Şamaxının “Ədəbiyyat şəhəri” nominasiyası üzrə UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə salınması ilə bağlı quruma müraciət edilməsi də nəzərdə tutulur.

 

“Dil milli kimliyin qorunması vasitəsidir”

 

Qeyd olundu ki, forum əhatə dairəsinə və iştirakçı tərkibinə görə ölkəmizdə bir ilkdir, eyni zamanda Mədəniyyət Nazirliyinin bu il təşkil etdiyi teatr və kino forumlarının davamıdır. Çünki bu sahələrin inkişafı bir-biri ilə sıx bağlıdır. Ədəbiyyatı zəngin olan xalqın dili də zəngindir. Milli kodların daşıyıcısı olan dil milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi vasitəsidir: “Dil nə qədər çevik və dövrün tələblərinə uyğun inkişaf edirsə, nə qədər həyat fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edirsə, ədəbiyyat da bir o qədər dilin inkişaf dinamikasına uyğunlaşmağa çalışır”.

Nazir qeyd etdi ki, ana dilini xalqın ən böyük milli sərvəti hesab edən Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan dilinin və ədəbiyyatının inkişafına böyük önəm verib. Ulu öndərin, bütün çətinliklərə baxmayaraq, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail olması gələcəkdə üzərində müstəqil dövlətçiliyimizin təşəkkül tapacağı bünövrələrdən biri olub. Məhz onun dövründə Azərbaycan ədəbiyyatı yeni intibah dövrünü yaşayıb. Ulu öndərin rəhbərliyi altında müstəqil Azərbaycanda latın qrafikasına keçid tam təmin edilib və bu, keçmiş sovet türk respublikaları arasında bir ilk idi. Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyasında da Azərbaycan dili dövlət dili kimi təsbit edildi.

Bildirildi ki, Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı ilk sərəncamlardan biri məhz Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi olub. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan mədəniyyətimizin, incəsənətimizin, musiqimizin və digər ənənələrimizin əsasında dil dayanır.

Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə qayğısından danışan nazir dedi ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bir sıra ölkələrdə həyata keçirilən çoxsaylı layihə və tədbirlər də dilimizin, ədəbiyyatımızın tanıdılmasına, təbliğinə xidmət edir.

Adil Kərimli diqqətə çatdırdı ki, informasiya texnologiyalarının sürətli inkişafı ilə şərtlənən qloballaşma dövründə bir sıra dillərin dominantlığı müşahidə olunur. Belə bir zamanda qlobal çağırışlara cavab vermək üçün cəmiyyətimizdə Azərbaycan dilinin mövqeyi təhlil edilməli, təfəkkürdə, gündəlik həyatda əsas mədəni kod kimi onun statusunun qaldırılması təşviq olunmalı və əməli tədbirlər görülməlidir: “Ulu öndər Heydər Əliyev deyirdi ki, hər bir xalq öz dili ilə yaranır. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Heydər Əliyev Azərbaycan ədəbi irsinə həmişə həssas yanaşıb. Azərbaycan dilinin və milli kimliyinin formalaşmasında fundamental əsərlərdən biri olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda keçirilməsi Azərbaycan-ümumtürk ədəbi irsinin dünya səviyyəsində tanıdılmasında mühüm rol oynayıb. Ona görə də bugünkü forum dil və ədəbiyyatın, dil və mədəniyyətin vəhdəti məntiqinə söykənir. Forumun əsas missiyası bu sahələrin gələcək inkişaf təmayüllərini müəyyənləşdirmək və istiqamətləndirməkdir. Forumda nə qədər fikir müxtəlifliyi olarsa, bir o qədər, maraqlı təkliflər eşidə bilərik. Forum çərçivəsində səsləndirilən təkliflər ümumiləşdiriləcək və “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq”.

***

Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi ilə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, Azərbaycanda uşaqların bir çox dillərdə təhsil almaq imkanı var. Lakin ölkədəki şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir. Azərbaycan məktəbləri və universitetlərində son illər ərzində ana dilində tədrisin keyfiyyətinin artırılması istiqamətində bir çox işlər görülüb. Eyni zamanda digər dillərdə təhsil alan şagirdlərə Azərbaycan dilində dərslər keçirilir. Bu il həmin dərslərin sayı artırılıb. Dilimizin Azərbaycandan kənarda tədrisi ilə bağlı işlər görməliyik. Yeni tədris ilindən bu istiqamətdə onlayn Azərbaycan dili dərsləri təşkil ediləcək.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd etdi ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan olunub bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdi. Yalnız Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra dilimizin xilaskarı kimi də tarixə öz əbədi imzasını qoydu. Qətiyyətlə demək olar ki, Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində həyata keçirdiyi ardıcıl dil siyasəti Azərbaycanda milli özünə qayıdış, özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Akademik həmçinin Prezident İlham Əliyevin dilimizə diqqət və qayğısından bəhs etdi, bu forumu da bu istiqamətdə həyata keçirilən işlərin davamı kimi səciyyələndirdi.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev 90 il müddətində dilimizi ən çox qoruyanların məhz yazıçılarımız olduğunu dedi. O, bu illər ərzində dilimizlə bağlı görülən işlər, AYB tərəfindən ana dilində çap edilən kitab, qəzet və jurnalların nəşrində Ulu öndər Heydər Əliyevin böyük rolu olduğunu vurğuladı.

Çıxışlardan sonra Azərbaycan dili ilə bağlı videoçarx nümayiş olundu.

Forum işini panel müzakirələrlə davam etdirdi.

 

Qloballaşmanın Azərbaycan dilinə təsiri...

 

İlk paneldən öncə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək dövlət tərəfindən ana dilimizin qorunması və inkişafı istiqamətində görülən işlərdən söz açdı. Qeyd etdi ki, milli sərvətimiz olan ana dilimizi qorumalı, daim qayğı ilə əhatə etməliyik.

“Qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması mexanizmləri” adlı I panel Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın moderatorluğu ilə gerçəkləşdi. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğunluğu və dilin inkişaf etdirilməsi mexanizmləri”, “Dildə elmi üslubun inkişafına təsir edən amillər: elmi sahələrin inkişafı və dillərin inteqrasiyası”, “Azərbaycan ədəbiyyatı Azərbaycan dilinin qoruyucusu kimi: dünən, bu gün, sabah”, “Müasir ədəbi mətnlərin nitq mədəniyyətinə təsiri imkanları”, “Söz yaradıcılığı prosesi: dilin daxili imkanlarının canlandırılması və geniş ictimai istifadəsi olan xarici mənşəli sözlərə vətəndaşlıq statusunun verilməsi”, “Xaricdə yaşayan azərbaycanlılar arasında dilin qorunması” və “İnternet məkanında Azərbaycan dilinin funksionallığı” mövzularında çıxışlar dinlənildi.

Azərbaycan Dillər Universitetinin rektoru Xalq yazıçısı, akademik Kamal Abdulla bildirdi ki, Azərbaycan dilinin təsir dairəsini daha da genişləndirmək üçün mexanizm işlənib hazırlanmalıdır: “Azərbaycan mədəniyyətinə, dövlətinə, siyasətinə olan maraq dilimizə olan marağa gətirib çıxarır. Prezident İlham Əliyev Azərbaycanı dünyada daha da tanıtdırmaq üçün böyük işlər görür. Bizlər də dilimizi xarici ölkələrdə təbliğ etmək üçün əlimizdən gələni etməliyik. Bunun üçün də belə forumların təşkilinə böyük ehtiyac var”.

Millət vəkili, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov Azərbaycan dilinin genetikası haqqında fikirlərini bölüşdü: “Məlum olduğu kimi, Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Buna baxmayaraq, dilimizin lüğət tərkibinə nəzər yetirsək görərik ki, türkdilli sözlərin sayı çox azdır. Dilimizə keçən sözlərin çoxu isə ərəb, fars və Qərb dillərindən gəlib”.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli söylədi ki, Azərbaycan dili öz fiziki varlığını bu günə kimi qoruyub saxlayıb və başqa dillərlə inteqrasiya edir. İctimai təfəkkürdə inteqrasiya funksional üslubların bir-birinə yaxınlaşmasına təsir göstərir. Biz inteqrasiya zamanı dilimizə keçən sözlərin elmi əsasını tapmalıyıq.

Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri filologiya elmləri doktoru Sayalı Sadıqova diqqətə çatdırdı ki, dil xalqın mənəviyyatıdır, onu yaşadan əsas amildir. Dil elə bir məfhumdur ki, dövrün, zamanın tələblərinə uyğun olaraq yeni anlayışları ifadə edən sözlər yaradılmalıdır. Eyni zamanda dilin qorunması, saflığının təmin edilməsi üçün onun daxili imkanlarından istifadə edilməlidir.

AYB-nin katibi, şair Səlim Babullaoğlu dedi ki, bu gün dünyada 7000-ə yaxın dil var. Həmin dillərin 80 faizinə yaxınının 2500 insandan artıq daşıyıcısı yoxdur. Təxminlərə görə, XXI əsrin sonlarına qədər həmin dillərdən 4000-i sıradan çıxacaq: “Ancaq mən əminəm ki, Azərbaycan dili bu siyahıda olmayacaq. Əksinə, dilimiz günü-gündən daha da inkişaf edəcək”.

Yazar, publisist Aqşin Yenisey söylədi ki, Azərbaycan dilinin bu gün elmi, fəlsəfi və texnoloji məsuliyyət arealı barədə ciddi düşünməliyik. Hazırda Azərbaycan dilinin uğurla daşıdığı yeganə məsuliyyət ədəbi məsuliyyətdir: “Dilimizin ədəbiyyat ərazisində problemi yoxdur. Onun elmi, fəlsəfi və intellektual ərazidə problemi var. Bu problemləri aradan qaldırmağın yolu xarici ölkələrin elmi-kütləvi ədəbiyyatını dilimizə tərcümə etməkdən keçir”.

Panelin sonunda müzakirəyə çıxarılan mövzular üzrə suallar cavablandırıldı.

 

Klassik ənənələr və müasir trendlər

 

Sentyabrın 1-də günün ikinci yarısında forum işini “Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər” mövzusunda II panel müzakirə ilə davam etdirdi.

Yazıçı, jurnalist Azər Qismətin moderatorluğu ilə keçən panel iclasda çıxış edən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı dilimizə daxil olan gəlmə sözlər və ədəbiyyatın regionlara çatdırılması ilə bağlı fikirlərini bölüşdü.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik, millət vəkili Rafael Hüseynov mədəni, mənəvi və siyasi tutumu olan forumun mövzularının aktual problemləri əhatə etdiyini dedi: “Bu toplantı bizi türklüyümüzə sadiq olub dünyəviləşməyə çağırır. Biz öz dilimizin gələcəyini düşünmək üçün bir araya gəliriksə, gələcəkdə bu sahə üzrə mükəmməl nəticələr də ortaya çıxacaq”.

Millət vəkili, yazıçı Aqil Abbas gənc yazarların yaradıcılığı, müasir tendensiyalar, janr və yeniliklərə inteqrasiya ilə bağlı ədəbiyyat və dil sahəsində addımların atılmasının vacibliyini önə çəkdi.

Yazıçı Şərif Ağayar kitab nəşri və yayım sahəsinin problemləri barədə söz açdı, təkliflərini dilə gətirdi.

AYB sədrinin müşaviri, yazıçı Sayman Aruz Cənubi Azərbaycanda dil və ədəbiyyatın problemlərindən danışdı.

Şair Qismət Rüstəmov ədəbi yaradıcılığın stimullaşdırılmasından, beynəlxalq və milli ədəbiyyat mükafatlarından bəhs etdi, təkliflərini səsləndirdi. O, Azərbaycanın beynəlxalq ədəbi konvensiyalara qoşulmasını da günün tələbi kimi dəyərləndirdi.

Bu panel də mövzular üzrə müzakirələr və sual-cavablarla başa çatdı.

 

Əsərdən səhnəyə, səhnədən ekrana

 

Forum 2-3 sentyabr tarixlərində öz işini Bakıda, “Gülüstan” Sarayında panel müzakirələrlə davam etdirdi.

Tədbir iştirakçıları panel iclasdan əvvəl “Milli Kitabxananın “qızıl fond”undan” adlı sərgi ilə tanış oldular. Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş ekspozisiyada kitabxananın fondundan nadir nəşrlər, klassik ədəbiyyatımızla bağlı qədim əlyazmaların nəşr nümunələri yer almışdı.  

Forumun III panel iclası “Teatr və kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə, səhnədən ekrana” mövzusunu əhatə edirdi.

Şair, kinodramaturq, AYB-nin katibi İlqar Fəhminin moderatorluğu ilə reallaşan paneldə Əməkdar incəsənət xadimləri, yazıçı-dramaturqlar Əli Əmirli, Elçin Hüseynbəyli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, yazıçı, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü Varis Yolçuyev, ədəbi tənqidçi Əsəd Cahangir çıxış etdilər.

Natiqlər “Müasir Azərbaycan dramaturgiyası və onun problemləri”, “Azərbaycan ədəbiyyatında teatr və kino platforması”, “Mütaliə və tamaşaçı mədəniyyətinin formalaşmasında medianın rolu”, “Kino sənətində dil və tərcümə problemləri”, “Ədəbiyyatın cəmiyyətə çatdırılması metodikası: beynəlxalq təcrübədə bu istiqamətdə tətbiq olunan innovasiyalar” mövzuları üzrə fikir və düşüncələrini bölüşdülər. İ.Fəhmi dedi ki, son dövrlərdə kino və teatrı ədəbiyyatdan ayrı, müstəqil hesab etsələr də, ssenari də, dramaturgiya da ədəbiyyatın bir hissəsidir. Heç kəsə sirr deyil ki, müasir dövrdə kino ədəbiyyatdan çox uzaq düşüb.

Əli Əmirli qeyd etdi ki, ədəbiyyatın məqsədi mənəvi zənginlik aşılamaqdır. Bu gün cəmiyyətin marağı dramaturqları ciddi düşündürməlidir. Ə.Əmirli həmçinin sənədli dramın əhəmiyyətli olduğunu deyərək fikrini kinorejissor Andrey Tarkovskinin “Ən gözəl ssenariləri kino dilini bilən yazıçı yazır” fikri ilə tamamladı.

Elçin Hüseynbəyli teatr və kino sahələri üzrə özəl studiyaların sayının artırılmasının əhəmiyyətini vurğuladı. Bildirdi ki, rejissorların mütaliələrinin zəif olması kino sahəsinə təsirsiz ötüşmür. Teatr və kino kollektiv sənət olduğu üçün birlikdə işləməli, proses yazıçı-rejissor münasibətləri üzərində qurulmalıdır.

Azər Turan teatr və kino sahələrində klassik əsərlərimizə müraciət olunmasının vacibliyini, bununla dünyaya çıxmağın mümkünlüyünü dilə gətirdi.

Əsəd Cahangir teatrşünasların rejissorlar ətrafında qruplaşmasını mənfi hal kimi dəyərləndirdi.

Varis Yolçuyev bildirdi ki, uşaqları evlərdə mədəniyyətimizə yönəltməli və mədəni zənginliklərimizi yaşatmaq üçün uşaqlara ana dilimizdə ədəbi nümunələri təbliğ etməliyik.

Çıxışların sonunda İlqar Fəhmi yazıçıların rejissorlara güzəştə getməsi məsələsinə də diqqət çəkdi. Dedi ki, yazıçılar rejissora azadlıq verməlidir. Məhz bu zaman keyfiyyətli əsər ortaya gələ bilər. Panel iclasın məruzələrindən sonra mövzu üzrə təkliflər dinlənildi.

 

Uşaq ədəbiyyatının vəziyyəti qənaətbəxşdirmi?

 

Sentyabrın 2-də günün ikinci yarısında forumun IV panel iclası gerçəkləşdi. “Uşaq və yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti” mövzusuna həsr olunan paneldə moderator uşaq yazıçısı Günel Əsgərova müzakirəyə təklif olunan istiqamətləri diqqətə çatdırdı.

“Uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri” mövzusu ətrafında danışan Elm və Təhsil Nazirliyi Təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova azyaşlıların mütaliəyə cəlb edilməsi, bu sahədə təbliğatın genişləndirilməsinin vacibliyi barədə fikirlərini bölüşdü. Bildirdi ki, dərsdənkənar mütaliə, eləcə də uşaq ədəbiyyatı nümunələrinin geniş auditoriyaya təqdimatı vacibdir.

Uşaq yazıçısı, filologiya elmləri doktoru Zahid Xəlil çıxışında uşaq ədəbiyyatının çağdaş problemlərinə toxunaraq nəşr və digər vəsaitlərin ərsəyə gəlməsinə müəyyən nəzarətin zəruriliyini vurğuladı.

“Təhsildə ana dili və uşaq ədəbiyyatının rolu” ətrafında söz açan AYB-nin Uşaq ədəbiyyatı şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə dil və ədəbiyyat dərsliklərindəki qüsurlardan bəhs etdi.

Yazıçı, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu da uşaq ədəbiyyatının problemlərinə toxundu, bu məsələyə ideoloji silah kimi baxılmalı olduğunu dedi.

Uşaq yazarı Reyhan Yusifqızı uşaq ədəbiyyatı üzrə oxucu-naşir-müəllif üçlüyünün vəhdəti barədə fikirlərini bölüşdü. O, sürətli informasiya əsrində uşaqların tələbatının da geniş olduğunu və bu mənada elmi-fantastik janrlı əsərlərə daha çox maraq göstərildiyini dedi.

Filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova “Mədəni və ədəbi qaynaqların müəyyənləşdirilməsində uşaq ədəbiyyatı hansı rola malikdir?” sualı ətrafında danışdı, təkliflərini irəli sürdü. O, dərsliklərdəki ədəbi materialların uşaqların zövq və oxucu marağına yetəri qədər cavab vermədiyini qeyd etdi.

Uşaq yazarı Sevinc Nuruqızı çıxışında uşaq və yeniyetmələr arasında kitabın təbliği və əsərlərin mövzu müxtəlifliyi məsələlərinə toxundu.

Panel mövzular ətrafında müzakirələr və sual-cavablarla davam etdi.

 

Kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları

 

Sentyabrın 3-də Bakıda, “Gülüstan” Sarayında forumun son panel iclası keçirildi.

“Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları” adlı paneldən əvvəl Xalq şairi Ramiz Rövşən çıxış edərək ana dilimizin əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, övladlarımıza uşaq yaşlarından ana dilimizi sevdirmək lazımdır.

Sonra Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Şair Əkbər Qoşalının moderatorluğu ilə gerçəkləşən paneldə “Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət və hədəflər”, “Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər və düşüncə sisteminə təsiri”, “Kitab satışı sistemi: innovativ həllər və kredit mexanizmləri”, “Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri” və “Vətəndaşların ədəbi, elmi və informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr” mövzularında çıxışlar dinlənildi.

AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev qeyd etdi ki, ölkəmizdə kitabların təbliği üçün müəyyən sistem yaradılmalıdır. Həmin sistem sayəsində Mədəniyyət Nazirliyinin sifarişi ilə nəşr olunan kitablar Kitabxana Kollektoru vasitəsilə kitabxanalara paylanılmalıdır.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirdi ki, ədəbi irsimizin toplanılması üçün Milli Kitabxana tərəfindən əhəmiyyətli işlər görülüb: “Bu gün deyilir ki, Azərbaycanda adambaşına düşən kitab aşağıdır. Ancaq mən deyə bilərəm ki, bu belə deyil. Gənclərimiz arasında kitab oxuyanlar çoxdur. Oxucuları kitaba yönəltmək üçün onlara düzgün şərait yaradılmalıdır”.

Azərbaycan Nəşriyyatları Assosiasiyası İdarə heyətinin sədri Şəmil Sadiq qurumun fəaliyyətindən danışdı. Söylədi ki, assosiasiya kitabın təbliği üçün bir çox kitab sərgiləri təşkil edib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı dedi ki, mərkəz tərəfindən kitabın təbliği istiqamətində xeyli yol qət edilib. Ədəbiyyat və dil sahəsində müəyyən layihələrə imza atılıb.

“Təhsil” nəşriyyatının direktoru Tural Axundov vurğuladı ki, elm və texnikanın, xüsusilə də informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bu dövrdə ənənəvi kitabı qoruyub gələcək nəsillərə ötürməliyik.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu forumun əhəmiyyətindən danışdı, tədbirin ədəbiyyat və dil sahəsində öz müsbət nəticəsini göstərəcəyinə ümidvar olduğunu bildirdi.

“AudioKitab”ın direktoru Əhliman Ərşadlı audiokitabların tarixi barədə məlumat verdi. Diqqətə çatdırdı ki, 2015-ci ildən fəaliyyət göstərən qurum tərəfindən bu gündək 8 minə yaxın kitab səsləndirilib.

Daha sonra Azərbaycan ədəbiyyatına həsr olunan videoçarx nümayiş olundu. Materialda Ulu öndərin ədəbiyyatımıza qayğısını əks etdirən fraqmentlər də yer almışdı.

Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxış edərək forumu yüksək qiymətləndirdi, layihənin hər il keçirilməsinin vacibliyini söylədi.

Panelin sonunda müzakirəyə çıxarılan mövzulara dair suallar cavablandırıldı, xatirə şəkli çəkdirildi.

Bununla da ölkəmizdə belə böyük formatda ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumu başa çatdı.

Lalə Azəri
Həmidə Nizamiqızı
Nurəddin Məmmədli
Fotolar: Həbib Hüseynov