125 yaşlı Azərbaycan kinosunun inkişafında mühüm rol oynamış sənətkarlarımızdan biri də görkəmli operator, rejissor, Xalq artisti Muxtar Dadaşovdur. Bu, görkəmli kino xadiminin anadan olmasının 110 illiyidir.
Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda dünyaya göz açıb. İlk gənclik çağlarından səhnə sənətinə maraq göstərib. Ancaq sonralar kino sahəsi onu daha çox cəlb etməyə başlayır.
O, bu barədə xatirələrində yazır: “Kinoya məhəbbətim o qədər güclü idi ki, teatrdan ayrılaraq həmişəlik kino sənətinə bağlandım. 18 yaşımda əvvəlcə operator Fyodr Novitskinin şagirdi, sonra operator Boris Pumpyanskinin assistenti oldum. “Lökbatan”, “Neft simfoniyası”, “Köçərilər” filmlərinin çəkilişlərində iştirak etdim. “Elə çək ki, elə bil sonuncu işindir” deyən dahi Eyzenşteynin sözlərini unutmadım. Sonra Moskvada, “Mejrabpomfilm” studiyasında böyük təcrübə keçdim...”.
Muxtar Dadaşov 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Bir sıra filmlərin çəkilişində iştirak edir. Təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işini davam etdirir. 1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında) quruluşçu operatoru olur.
Araşdırmalarda qeyd edilir ki, dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edir. “Sovet Azərbaycanı”, “Ana yurdum Azərbaycan”, “Sovet Azərbaycanının 50 illiyi”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərdə vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunur.
M.Dadaşov 1939-cu ildə “Samur-Dəvəçi kanalı” kinooçerkini çəkir. Xalq şairləri Səməd Vurğunla Rəsul Rzanı da lentə alır. Su kanalının çəkilişində iştirak edən ləzgi qızına şeir qoşur. “A ləzgi qızı” adlı şeir mətbuatda dərc olunur:
Gözəl, ləzgi qızı, sən dinlə məni,
İlhama gəlmişəm səni görəni.
Coşqun Samur çayı, odlar vətəni,
Dinləsin tərifin, a ləzgi qızı...
M.Dadaşov bədii kinoda uğurlu addımlarından birini 1945-ci ildə çəkilən “Arşın mal alan” filmində operator köməkçisi kimi atıb. Filmdə Gülçöhrə obrazını canlandıran Xalq artisti Leyla Bədirbəyli ekran işinin lentə alınması prosesindən danışarkən M.Dadaşovu aktyorun daxili aləminə nüfuz etməyi bacaran sənətkar kimi xarakterizə etmişdi.
“Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri də onun operator kamerası vasitəsilə həyata vəsiqə alıb.
Quruluşçu rejissor kimi debütü isə “Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman“ povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır. Filmdə baş rola kənardan aktyor (Şimali Osetiyadan Bimbulat Vatayev) dəvət olunsa da, ekran əsərində bir çox görkəmli sənətkarlarımız Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov rol alıb. Filmi ekranlara çıxandan sonra povestin müəllifi Süleyman Rəhimov yazırdı: “M.Dadaşov “Mehman” povestini sənətkarlıqla, məharətlə ekranlaşdırmış, mənə intəhasız fərəh bəxş etmişdir”.
M.Dadaşovun “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi. Maraqlıdır ki, müharibənin gedişi vaxtı S.Vurğunu, Ü.Hacıbəylini, kimyaçı alim Y.Məmmədəliyevi, neftçilərdən G.Əliyevi, A.Nemətullanı, R.Rüstəmovu və başqalarını bu filmdə lentə almışdı. O, sonradan bu filmi genişləndirərək “Bakı-42” adı ilə çəkir. Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə də yekunlaşdırmır. Nəhayət, 1974-cü ildə “Bakıda küləklər əsir” bədii filmini çəkərək istəyinə nail olur. Filmdə xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsində qəhrəman çekistlərin ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınmasını ustalıqla əks etdirir.
“Əbədi qardaşlıq” tammetrajlı sənədli filmi də nadir kadrlarla zəngindir. Bu filmdə cəbhə dostları – azərbaycanlı Məmmədovla ukraynalı qadın Xovanskayanın 20 ildən sonra Lvovda, sonra isə Füzuli rayonunun Horadiz kəndindəki görüşləri tamaşaçı tərəfindən maraqla izlənilir.
Onun S.Bədəlovla birgə operator kimi çalışdığı “Arazın o tayında” sənədli filmində II Dünya müharibəsi illərində İran Azərbaycanındakı mövcud vəziyyət, 40-cı illərin ikinci yarısından sonra baş verən siyasi hadisələr, tarixə çevrilmiş anlar öz əksini tapır. Müharibənin ilk günlərindən M. Dadaşov neft mədənləri, zavod və fabrikləri gəzir, gecəni gündüzə qataraq əmək adamlarının içində olur. Ön cəbhəni neft və başqa məhsullarla təmin edən şəhərin havadan və dənizdən qəhrəmancasına müdafiə olunmasını lentə alır.
O həm də araşdırıcı rejissor kimi tanınıb. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayıb, sonra onları lentə alır. “Nəriman Nərimanov” sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərində tapır. Sonra həmin kadrları filmdə canlandırır.
M.Dadaşov müxtəlif illərdə görkəmli dövlət və mədəniyyət xadimlərinin kinoportretini yaradıb. Ulu öndər Heydər Əliyev, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Səməd Vurğun, neftçi Qurban və başqaları onun qəhrəmanları olub.
M.Dadaşovun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Lentə aldığı ekran əsərləri bir sıra ölkələrdə göstərilib. Onun “Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq festivalında qızıl medal, “Nəriman Nərimanov” filmi Tiflis festivalında xüsusi mükafat qazanıb. 1977–1983-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında Sənədli filmlər birliyinin bədii rəhbəri olan sənətkarın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. “Əməkdar incəsənət xadimi” (1960), “Xalq artisti” (1976) fəxri adlarına, Dövlət mükafatına (1980) və müstəqil Azərbaycanın “Şöhrət” ordeninə layiq görülüb.
Azərbaycan kinematoqrafiyasının inkişafına mühüm töhfələr verən Muxtar Dadaşov 7 may 1998-ci ildə, 85 yaşında vəfat edib.
Savalan Fərəcov