Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Mənim düşüncəm” adlı Respublika yaradıcılıq müsabiqəsi elan olunub.
Gənc nəsildə yaradıcı düşüncənin inkişafını təşviq etmək məqsədi daşıyan ənənəvi müsabiqə 9-21 yaş arasında uşaq və gənclər üçün nəzərdə tutulub. İştirak etmək istəyənlər yaradıcılıq işinin adı və fotosu ilə bərabər özləri haqqında məlumatı (ad, soyadı, təvəllüd, təhsil aldığı məktəb, əlaqə nömrəsi) dusuncem23@gmail.com ünvanına göndərə bilərlər.
Müraciətlər 2023-cü il 2 oktyabr tarixinədək qəbul olunur.
Müsabiqəyə təsvir və tətbiqi sənət nümunəsi ilə yanaşı, bir texnologiya işi ilə də qatılmaq olar. Seçimdə fərqli fikir və kreativ düşüncəli yaradıcılıq nümunələrinə, təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn) və əvvəlcə sərgilənməmiş işlərə üstünlük veriləcək.
Seçim müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq. Müəlliflər mövzu, ölçü və texnika seçimində sərbəstdirlər. Ən çoxu 2 əsər təqdim etmək olar.
Seçilən işlər Xətai Sənət Mərkəzində sərgilənəcək. Əl işləri nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.