Amerikalı yazıçı Çak Palanik “Gündəlik” romanında “Kədəri unutmaq çətin, sevinci xatırlamaq ondan da çətindir. Xoşbəxtlik çapıq izləri qoymur” yazır.

Bilmirəm niyə, amma mən qəhrəmanımı görüb, tanıdığım ilk gündən onun üzündəki izlərin, dümağ saçlarının arasında bölgü aparıram. Elə bil özüm üçün “hansı iz hansı ovqatın izidir” axtarışı edirəm. Amma həm də həyatsevər və nə qədər mübariz olduğunu da bilirəm, bu bəstəboy, zərif, bapbalaca gözlərinin ən dərinliyindəki sevinci ağrılarına rəğmən gün üzünə çıxaran qadının.

Sovqat Səmədova Bakı Uşaq və Gənclər Teatrının ən qocaman, ruhən isə, məncə, ən gənc aktrisasıdır. Bu il 80 yaşını qeyd edir.

Onunla iyulun cırhacırında – Azərbaycan Teatr Xadimləri İttifaqının mövsümün sonu ilə bağlı tədbirində görüşdüm. Yubileyi münasibətilə ittifaq tərəfindən fəxri fərmanla təltif edilmişdi. Təşəkkürünü çoxdan ürəyində qalaqladığı arzu və gileylərinə qatıb az danışıb, çox susan aktrisanı elə orada söhbətə tutdum.

“Ürəyimdə sözüm çoxdur. Şəkililər demiş, a sənin gözuu yeyim. İndi mən haradan başlayım?” deyəndə uğunduq. Onun ləhcəsində “Ha indi elə Şəkidən Bakıya uzanan yoldan” deyəndə cingiltili gülüşü ittifaqın boş zalında əks-səda verdi: “Vay dədə, ta de sabahacan burdayıq ki...”.

 

– Sovqat xanım, məsələn, Şəkidə yaxşı teatr mühiti var deyə düşünürəm ki, sənətə təsadüfi gəlməmisiniz.

– Əslində, bizim nəsildə belə sənət adamı olmayıb. Səhnəni sevib, ona bağlandığım gündən hətta məni ölümlə hədələyiblər?

 

– Qohumlarınız?

– Biri elə doğmaca anam Alagöz. Çox ciddi adam idi. Mən uşaqlıqdan güzgünün qabağında çalıb-oynayar, öz-özümə tamaşa göstərərdim. O da hər dəfəsində şəhadət barmağını silkələyə-silkələyə məni hədələyərdi. Deyərdi, bu hoqqabazlığı unut. Beləcə, uşaqlıqdan bu qadağa yolumu kəsdi. Sonra düşünüb-daşınıb müəllim olmaq istədim. Düşündüm ki, dil-ədəbiyyat müəllimi olaram, məktəbdə dərnək yaradıb teatr həvəsimi şagirdlərimlə öldürərəm. Belə arzularla yaşayırdım ki, o da baş tutmadı. Atam dünyasını dəyişdi, anam qəza keçirdi. 14 yaşımdan işləməyə başladım. Anam məni məktəbdən çıxarıb ipək fabrikinə işə qoydu. İnan Allaha, əlim dəzgaha çatmırdı. Yeniyetməlik və ilk gəncliyim ağır oldu. Yəqin elə ona görə də işdə tanış olduğum oğlanla tez də ailə qurdum. Elə bildim hər şey yaxşı olacaq. Amma bu xoşbəxtlik də iki il belə sürmədi.

Yoldaşım rəhmətə getdi, oğlumun qırxı təzəcə çıxmışdı. Anam qardaşımı dalımca göndərdi ki, məni evə gətirsin. Ağır sarsıntılar keçirsəm də anladım ki, belə davam edə bilməz. Necə deyərlər, “öz ixtiyarım öz əlimdədir” deyib cumdum e Şəki mədəniyyət şöbəsinə. Həvəsim barədə orada danışdım, xalq teatrında səhnəyə çıxmaq istədiyimi dedim. Məni başqa bir ştata götürsələr də, xalq teatrında aktrisa kimi işləməyə başladım. Əslində, əllərinə fürsət düşmüşdü. Qadın aktrisa, xüsusən də gənc, demək olar ki, yox idi.

Mədəniyyət evinin direktoru Nazim müəllimə dedim ki, tamaşalarda oynamağı çox istəyirəm, amma həm də qorxuram, anam bilsə öldürər məni. Dedi, heç narahat olma, mən səni Şəkidə səhnəyə çıxartmaram. Qastrollara gedəndə sən oynayarsan, nə vaxt Şəkidə səhnəyə çıxmağa hazır olduğunu desən, onda çıxarsan. Bu minvalla işə başladım. Altı aydan sonra “Namus” pyesini götürdülər və mənə də Şapanik rolunu verdilər ki, öyrən, məşq elə, Qaxda oynayacağıq. Sən demə, aldadırlar, tamaşa Şəkidə olacaqmış. Etiraz eləmək yersiz idi. İlk tamaşaya rayon rəhbərliyi də gəlmişdi. Zal dolu idi. Başladım şövq ilə oynamağa. Birinci katib Sadıx Nəzərli tamaşadan sonra səhnə arxasında bizimlə görüşdü və mənə “Sən bundan sonra xarakterik, yaşlı obrazları oyna” dedi. Hər şey əla alındı. Amma Şəkidə 3 il heç kim mənə salam vermədi, bütün qohumlar üz döndərdi.

Tədbirlərin birində,  komsomol bayramında o vaxt təzə dəbə minən “Ceyranım” mahnısının sədalarında süzürəm e. Zal da ağzınacan dolu. Qapqara hörüklərimi yanıma salıb, təbəssümlə təzim edirdim ki, gördüm anam zalın bir küncündə dayanıb mənə baxır. İnan, ayağımın altından yer qaçdı. Anam oradakı heç kimə məhəl qoymadan səhnəyə çıxdı və hörüklərimdən yapışıb məni sürüyə-sürüyə aşağı saldı. Qiyamət qopmazmı? Camaat yığıldı, xeyri olmadı. Yaxşıca tozumu töküb, məni əzişdirdi.  Amma mən də dediyimdən dönmədim, səhnədən qopmadım. Elə bil mənə güc gəlmişdi. Ya bu yolda getməliydim, ya da ölməliydim. Ölmədim, amma ölümdən betər oldum...

 

– Şəki Dövlət Dram Teatrına gəlişiniz də, yəqin, təsadüfi olmayıb?

– 1975-ci ildə Şəki Dövlət Dram Teatrı mərhum rejissor Vaqif Abbasovun və direktor Nazim Bilalovun rəhbərliyi ilə bərpa olundu. Mədəniyyət evindən də 22 nəfərdən imtahan götürdülər. Məni 2-ci dərəcə ilə teatra aktyor kimi qəbul elədilər. Məndən başqa 4-5 nəfərdən də imtahan götürüb teatra aktyor kimi təsdiq etdilər. Eyni ildə İncəsənət İnstitutunun bir kursunun məzunları da teatrda işləməyə başladılar. Əməkdar artistlər Qəmər Məmmədova və Gülşad Baxşıyeva da onların içində idi. “Nişanlı qız” tamaşasında Qayınana, “Hacı Qara”da Tükəz, “Komsomol” poemasının tamaşasında Şahsuvarın anası Gülgəz nənəni oynadım. Teatr bərpa olunandan sonra ilk tamaşalar idi. “Komsomol” tamaşasında Bəxtiyarı Hüseynağa Atakişiyev oynayırdı. Tamaşada Gülgəz nənə oğlunun ölüm xəbərini eşidən səhnədə özümdən iki bənd bayatı dedim. Zaldakılar ağlayırdı. Tamaşadan sonra raykomun 1-ci katibi Sadıq Murtuzayev bizimlə görüşdü. Dedi ki, sən məni ağlatdın. Nə istəyin var de. Əvvəl utandım, sonra kirayədə qaldığımı dedim. Elə orada tapşırıq verdi. Məni evlə təmin elədilər. Artıq hamı məndən danışırdı. Anama da xəbər vermişdilər ki, qızın çox gözəl tamaşa oynayıb. Ondan sonra qohumlar, qonşular arasında hörmətli bir adam oldum. Bu minvalla düz 40 il Şəki teatrında müxtəlif rollarda oynadım. Yaşadıqlarımı oynadığım obrazlarla unutmağa çalışırdım. Moskvaya, SSRİ-nin müxtəlif respublikalarına qastrola, festivala gedirdik, Bolqarıstana, Çexoslovakiyaya getdik. Kubaya da getmişik, Fidel Kastronun qəbulunda olmuşuq. Hüseynağa Atakişiyevin vaxtında olub bütün bunlar. Eh, gözəl günlər idi. Sənət, səhnə məni ovutdu. Ömrümü bir oğluma və sənətə həsr elədim. Düzdü, oğlumun da taleyi mənim kimi ağrılı oldu. Nəvələrimi də mən saxladım. Min şükür, artıq nəticələrim var. Həyatımdan razıyam.

 

– Gəlin bir neçə kəlmə də Şəki teatrını Bakı Uşaq Teatrına dəyişməyinizdən danışaq...

– Elə deyəndə xətrimə dəyir, mən teatrı heç vaxt dəyişmədim. Sadəcə, 2010-cu ildə teatrımız təmirə dayandı. Deyildi ki, təmir iki il çəkəcək. O vaxt da qız nəvəm tələbə idi, Bakıda oxuyurdu, kirayədə qalırdı. Oğlan nəvəm də əsgərliyə getdi. Qaldımmı tək? Üstəlik də bekar oturmaqla aram yoxdur. Gəldim oğlumun Bakıda aldığı balaca torpaqda, necə deyərlər, bir kümə qaraladım, nəvəmlə baş-başa verib yaşamağa başladıq. Beləcə, bir oğlumun iki balasının həyatına əl gəzdirməli idim axı. Nəvələrim analarını erkən itirdilər, oğlum ölkədən köçdü. Bütün Şəki əhli bildi ki, mən onları necə yetişdirdim. Bütün əzab-əziyyətimə rəğmən, cəmiyyətə hazır uşaqlar böyütdüm. Düşündüm ki, mən həyatda olmayanda onlar özlərinə baxa bilsinlər. Şükür, həyatım nizama düşdü. Ev-eşiyim, rahat şəraitim var. Buna da nail olmaq üçün Bakıya gələndən işlədim. Çəkilişlər, seriallar, sosial layihələrdə işləməyə başladım. Dayımın qızı məni çalışdığı teatra – Bakı Uşaq Teatrına apardı. Teatrın rəhbəri İntiqam Soltanla tanış elədi. O, məni görən kimi tanıdı və işə götürdü. Beləcə, burada da qaynar həyatım başladı. Təmir bitdi və mən Şəkiyə qayıtdım. Teatrda 65 yaşımdan sonra da müqavilə ilə çalışırdım. Sadəcə, təmirdən sonra Yeni il tamaşası ilə bağlı serial ilə premyera arasında toqquşma yarandı və mən filmin son səhnəsində çəkilmək, söz verdiyim yaradıcı heyəti yarı yolda qoymamaq üçün seçim etməli oldum. Daha doğrusu, teatr rəhbərliyinin əsəbi halda “Olmaz, ya işlə, ya da ərizəni yaz” sözü ilə ərizəmi yazdım və çıxdım.

 

– Bakı Uşaq və Gənclər Teatrında ən qocaman aktrisasınız. Maraqlıdır, balaca tamaşaçılarla ünsiyyətiniz necə alınır?

– Çox gözəl kollektivimiz var. Bir ailə kimiyik. Mən də həvəslə işləyirəm, irili-xırdalı onlarla rol oynamışam. Əsas rol olsun. Ana toyuğu da, Kəsəyəni də, Toplanı da bacardığım qədər ifadəli oynamağa çalışıram. Xarakterik rollarım da çoxdur. Tamaşaçı hər rolu fərqli görmək istəyir. Yoxsa nə var e, roldur deyib bir xətlə oynamağa. Mən hər roluma belə böyük bir obraz kimi yanaşıram, hamısını sevirəm. Vaxtilə ən böyük arzum “Ögey ana” kinofilmində rəhmətlik Nəsibə Zeynalovanın oynadığı Fatmanisə qarı obrazını canlandırmaq olub... Hə, indi bir arzum da var. Heç olmasa, bir dəfə xoşbəxt qadın rolu oynayım. Səhnədə də olsa o səadəti duyum.

 

– Teatra həsr olunan ömür. Necə deyərlər, saçınızı süpürgə edib yaşadığınız bu ömürdə çox sevdiyiniz teatr sizə nə verdi?

– Həyat. Yaşayışıma kömək oldu, ömrümü uzatdı, arxam-dayağım oldu, ailəm, ev-eşiyim oldu. Düz 51 ildir fasiləsiz səhnədəyəm.

Sovqat xanım bu sözləri elə ucadan, elə emosional və həyəcana qarışan göz yaşı ilə söylədi ki, bir anlıq “Görəsən, sənətə bu cür bağlı insanlara lazımınca dəyər-qiymət verilirmi” sualının təsirinə düşdüm. O isə sanki bunu duyubmuş kimi dedi:

– Məni yaşadan sənətimdi. Sulutəpədən üç nəqliyyat dəyişib hər gün Qaraçuxura gedirəm. Günümün 3-4 saatı yolda keçir. Amma o teatra bir gün getməsəm, elə bilərəm dünyada tək qalmışam. Təki səhnədə olub, onun tozunu udum. Çünki mən səhnəni sevirəm. O məni sevsə də, sevməsə də. Amma həm də inanmıram ki, sevməyə. Yoxsa, məni qoynunda bəsləməzdi. Eh, ay qızım, həyatdır, taledir, yazıdır...

Sonra ayağa qalxdı, dağılmış ağ saçlarına sığal verib masaya yaxınlaşdı. Ona bağışlanan kiçik gül dəstəsi və fəxri fərmanını bağrına basıb qapıya tərəf döndü. Sonra nə fikirləşdisə iti addımlarla geri qayıdaraq diktofonu yenidən işə salmağımı gözlədi. Muncuq kimi gözlərini üzümə dikdi: “Bir zarafat edim, gül, bayaqdan qanını qaraltdım. Deyirsən, teatr sənə nə verdi. Nə verəcək? Gördüyün bu qalaq-qalaq fəxri fərmanları. Mənim fəxri adım olmasa da, bolluca fəxri fərmanım var. Əşi, canları sağ olsun, əsas odur ki, mən sənətimlə fəxr edirəm” deyib təzim edirmiş kimi müsahibə səhnəsindən “endi”.

Həmidə Nizamiqızı