80-ci Venesiya kinofestivalının mükafatları təqdim edilib...
Dünyanın ən qocaman kinofestivalı (əsası 1932-ci ildə qoyulub) sayılan Venesiya Beynəlxalq Film Festivalı bu il 80-ci dəfə gerçəkləşdi. 30 avqust – 9 sentyabr tarixlərində Venesiya şəhəri yaxınlığındakı Lido adasında keçirilən festivalın əsas müsabiqə proqramında 23 film “Qızıl şir” uğrunda yarışırdı.
Festivalın son günü Fransa-Amerika kinorejissoru Damien Şazelin (Damien Chazelle) rəhbərliyi ilə münsiflər heyəti mükafatçıları elan edib.
Festivalın baş mükafatı yunan rejissor Yorqos Lantimosun “Zavallılar” (Poor Things) filminə verilib. Ekran əsəri ABŞ-Britaniya-İrlandiyanın birgə istehsalı kimi təqdim olunub. Hollivud ulduzlarından Emma Stounun da rol aldığı film xəstə ananı xilas etmək üçün ona yenicə doğduğu uşağının beynini köçürmək istəyən alim haqqındadır.
“Gümüş şir” mükafatını italyan kinorejissoru və ssenaristi Matteo Qarrone (Garrone) “Mən kapitanam” filminə görə qazanıb. İtaliya-Belçika istehsalı olan film Aralıq dənizi ilə Avropaya miqrasiya yolundan bəhs edir.
Venesiya festivalının üçüncü dərəcəli mükafatı sayılan “Jüri Qran-prisi” isə yaponiyalı rejissor Ryusuke Hamaqutinin “Şər mövcud deyil” filminə verilib.
Rejissor Sofiya Koppolanın rok-n-roll kralı Elvis Preslinin həyat yoldaşı haqqında ekranlaşdırdığı “Priszilla” (Priscilla) filmində baş rolu oynamış Keyli Speni (Cailee Spaeny) ən yaxşı aktrisa, Mişel Frankonun “Yaddaş” filmində çəkilən Piter Sarsqaard (Peter Sarsgaard) isə ən yaxşı aktyor kimi mükafat qazanıblar.
Xatırladaq ki, festivalın ənənəvi fəxri mükafatçıları daha öncə elan olunmuşdu. Kinematoqrafiyaya böyük töhfələrinə görə bu il fəxri “Qızıl şir”ə 90 illiyini qeyd edən italyan xanım rejissor Liliana Kavani (Cavani) və honkonqlu aktyor Toni Lyun Çu Vay (Tony Leung Chiu Wai) layiq görülüblər.
V.Kamal