Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Heydər Əliyev İli” münasibətilə müxtəlif səpkili tədbirlər keçirilir.

Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Açıq kitabxana” layihəsinə başlanılıb. Layihənin məqsədi mütaliəyə marağın artırılması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, oxucularda mütaliə mədəniyyətinin təşviqidir.

***

Şəki-Zaqatala RMİ-nin təşkilatçılığı ilə Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan” mövzusunda regional elmi konfrans keçirilib. “Kitabxanaların inkişafına Heydər Əliyev qayğısı”, “Azərbaycan mədəniyyətində Heydər Əliyev imzası”, “Azərbaycanın neft sektorunda “Əsrin müqaviləsi”nin rolu”, “Heydər Əliyev və Azərbaycan dili” və s. mövzularda çıxışlar dinlənilib. Sonda Şəki-Zaqatala RMİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Nargilə Qafarova Ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və təhsil siyasəti” adlı tədbir təşkil olunub. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elm və təhsilə göstərilən diqqət və qayğı elə ilk günlərdən özünü göstərib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində isə “Birgəlik” adlı tədbir təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar. Çıxışlarda Ulu öndərin fəaliyyətindən, tarixi xidmətlərindən, xilaskarlıq missiyasından danışıblar. Balakən regional “ASAN Xidmət” Mərkəzinin könüllüləri tərəfindən Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

***

Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Q.Əliyev adına Üçoğlan kənd Mədəniyyət evinin təşkilatçılığı ilə keçirilən tədbirdə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verilib. Daha sonra Ulu öndərə həsr olunmuş şeirlər söylənilib, mahnılar ifa edilib.

***

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi Qubadlı rayon nümayəndəliyi Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi ilə birgə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirib. Çıxış edənlər bildiriblər ki, Ulu öndər Heydər Əliyev həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün mübarizə aparıb. Mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvləri şeirlər söyləyiblər.

***

Masallı rayon Mərkəzi Kitabxanasında “Ulu öndər Heydər Əliyev və xarici siyasət” mövzusunda tədbir keçirilib. Çıxışlarda Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması, inkişafı istiqamətində çoxşaxəli fəaliyyətindən bəhs edilib.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” başlıqlı sərgi təşkil edilib. Sərgidə Ulu öndərin Cəlilabad rayonuna səfərlərini, həmçinin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən fotolar, kitablar nümayiş olunub.

Nurəddin Məmmədli