Ənənəvi olaraq keçirilən “İpək Yolunun incisi” Beynəlxalq Daşkənd Film Festivalı bu il sentyabrın 29-dan oktyabrın 2-dək davam edəcək.

Özbəkistan Kinematoqrafiya Agentliyinin yaydığı məlumata görə, sayca 15-ci festivalın əsas tədbir və nümayişləri paytaxt Daşkəndlə yanaşı, Səmərqənddə də gerçəkləşəcək.

Təxminən 30 ölkəni təmsil edən kinematoqrafçılar festivalın müsabiqə proqramında  iştirak etmək istəyini bəyan edib. Festivalın seçim komissiyası 64 filmə tamaşa edib ki, onlardan 44-ü nümayiş üçün məqbul sayılıb.

“İpək Yolunun incisi” festivalı ötən əsrin 60-cı illərində əsası qoyulan Daşkənd kinofestivalının xələfidir. İlk dəfə 1968-ci ildə keçirilən festival sovet dövründə Asiya, Afrika və Latın Amerikası kinematoqrafçılarını bir araya gətirən ən nəhəng kino bayramı sayılırdı. Festival uzun illərin fasiləsindən sonra 2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə bərpa edilib.

Gülcahan