Xəzər rayonunun Şağan qəsəbəsindəki Sevda Abdullayeva adına “Xəzər” muzey mərkəzində Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyinə həsr edilmiş sərgi açıldı.
Sentyabrın 16-da gerçəkləşən tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Xalq rəssamı Fuad Salayev, etnoqraf alim Təvəkkül Səlimov, sənətşünas Kübra Əliyeva çıxış edərək yubilyarın yaradıcılığı haqqında danışdılar.
Qeyd olundu ki, Tofiq Ağababayev Azərbaycan təsviri sənət məktəbində öz dəst-xətti ilə seçilən rəssamlardandır. Geniş yaradıcılıq imkanlarına malik rəssamın pedaqoji fəaliyyəti də diqqətə çatdırıldı. Qeyd olundu ki, gənc rəssamlara sənətin sirlərini sevərək öyrətdiyi üçün gənclərin dərin məhəbbətini qazanıb.
Yubilyarı təbrikə gələnlərdən Xalq rəssamları Xanlar Əhmədov, Arif Hüseynov, Sirus Mirzəzadə, Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Arif Əsədullayev və başqaları qocaman rəssamı təbrik edərək ən xoş arzularını çatdırdılar.
Tofiq Ağababayev çıxış edərək bu il iyunun 23-də rəssamlar emalatxanasında baş verən yanğın zamanı “Xəzər” muzey mərkəzinin rəhbəri Səyavuş Əlizadə tərəfindən əsərlərinin xilas edildiyini dedi, minnətdarlığını bildirdi. Fırça ustası sərgidə həmin xilas olunmuş əsərləri və muzeyə hədiyyə edilən əl işlərinin yer aldığını söylədi.
Lalə Azəri