Vyanada Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (ICDO) təsis etdiyi “Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət festivalı keçirilir.
Sentyabrın 24-dək davam edəcək festival çərçivəsində Vyanada Yunus Əmrə İnstitutunda “İqlim dəyişikliyi və dayanıqlılıq” mövzusunda rəsm sərgisi açılıb. “Dayanıqlı müxtəliflik” adlı sərgidə 20-dən artıq ölkədən müxtəlif rəsm əsərləri ilə yanaşı, UNESCO-nun mədəni irs siyahısına aid olan sənət nümunələri, instalyasiyalar – 30-dan çox rəssamın əsəri nümayiş olunub.
İqlim dəyişikliyi, dayanıqlılıq və müxtəliflik arasındakı əlaqəni vurğulayan sərgidə Azərbaycan nümayəndəsi Yeganə Azadovanın xalça motiv və elementlərinin əks olunduğu əsərləri də yer alıb. Tablolarda xalçaçılıq Azərbaycan xalqının milli və təbii resurslara söykənən dayanıqlı əl sənəti ənənəsi kimi önə çəkilir.